“Təchizatla bağlı heç bir sənədləşdirmə aparılmırdı”

Xətaidə yanan bina ilə bağlı şahidlər dindirilib
“Təchizatla bağlı heç bir sənədləşdirmə aparılmırdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Xətai rayonu, Zığ yolu küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı hakim Eldar İsmayılovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə iclasında şahidlərin çıxışları dinlənilib.

Şahid Rafiq Həmidov məhkəmədə çıxışı zamanı "TNH" şirkətində təchizat işlərinə baxdığını bildirib: "Mənim əsas işim tikintidə istifadə olunan materialların düzgün istifadəsinə, israfçılığın olmamasına nəzarət etməkdən ibarət idi. Materiallar gələndən sonra sahələrə bölüşdürülürdü. Yanan binanın üzlənməsi ilə bağlı işlərə mən nəzarət etmirdim. Bir daha diqqətiniz çatdırıram ki, mən təchizata nəzarət edirdim. Materiallar anbarlara gətirilirdi, daha sonra sahələrin sifarişi ilə bölünürdü".

Xatırladaq ki, o , ibtidai istintaqa ifadəsində 2015-ci ilin fevral ayında tanışı Fərid Sadıqovun təklifi ilə sonuncuya məxsus poliuretan materiallarının istehsalı ilə məşğul olan zavodun bütün işçilərinin əmək haqlarına və təchizat məsələlərinə nəzarət etdiyini, lakin bununla bağlı heç bir sənədləşmə işi aparmadığını deyib.

Daha sonra çıxış edən şahid "TNH" şirkətində sahə rəisi işləyən Şahin Qəhrəmanov qeyd edib ki, binaların üzlənməsi ilə bağlı işləri həyata keçiriblər, amma yanan binada üzlənmə işi aparmayıb Ş. Qəhrəmanov zərərçəkmişlərin suallarını da cavablandırıb. Zərərçəkmişlərin "binanın üzlənməsi zamanı üzlüklə bina arasında məsafələrin saxlanması məsələsinə kim nəzarət edirdi?" sualına şahid cavabında bildirib ki, bu məsələ sahə rəisi kimi onun səlahiyyətində olmayıb: " Bina ilə üzlük arasındakı məsafə layihə öz əksini tapırdı. Layihənin rəhbəri də şirkətin baş ofisində oturan Rəşad müəllim idi. Biz üzərimizə düşən işləri həyata keçirirdik və layihədən kənara çıxa bilməzdik. Eyni zamanda mən fəhlələri təlimatlandırırdım, işə nəzarət edirdim". Hakim "işə əmrlə götürülmüsünüzmü?" sualına şahid "bilmirəm, yəqin ki..." cavabını verib.

Hakim Eldar İsmayılov 3 nəfərin məhkəməyə şahid qismində dəvət olunduğunu, lakin üçüncü şahid xəstə olduğu üçün məhkəmədə iştirak edə bilmədiyini bildirib.

Növbəti məhkəmə prosesi noyabr ayının 8-də saat 10:30-da keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb. Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Samir

Bütün xəbərlər Facebook səhifəmizdə