Səfir: “Yerevan sülh prosesinə zərər vurmaqla öz müstəqilliyinə xələl gətirir”

Səfir: “Yerevan sülh prosesinə zərər vurmaqla öz müstəqilliyinə xələl gətirir”

ABŞ-ın paytaxtı Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş "Azərbaycan və Qafqaz – irəliyə baxış" mövzusunda konfrans keçirilib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ dövlət qurumları, düşüncə mərkəzləri, diplomatik korpus, media və çox saylı ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransın moderatoru qeyd edilən institutunun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub.

Yüzdən artıq auditoriyası olan tədbir zamanı çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və əldə edilmiş nailiyyətləri barədə geniş məlumat verib. O, Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində möhtəşəm nailiyyətləri vurğulayaraq, bunu Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə bağlayıb. Hal-hazırda həmin siyasətin uğurla davam etdirildiyini qeyd edən səfir Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Səfir bildirib ki, regionda həyata keçirilən, uğurlu olduğunu sübut etmiş və bununla da bütün region ölkələrin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına gətirən və Qara dəniz, Aralıq dənizi, Egey dənizi, Adriatik dəniz coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələri qeyd edib. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən diplomat, bunun ölkəmizin əldə etdiyi anlaşmalara sadiqliyindən irəli gəldiyini və bunun bariz nümunəsi kimi enerji sahəsində 20 ildən çox müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş "Hasilatın Pay Bölgüsü" razılaşmalarının dəyişilməz qaldığını göstərib.Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı olan Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu dilə gətirərək, hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını və onu dünyada radikalizm və dözümsüzlüyün baş qaldırdığı bir zamanda dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilib. Bunun Azərbaycan tarixindən qaynaqlandığı və ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirildiyi vurğulanıb.

Bundan sonra baş tutmuş müzakirələrdə səfir E.Süleymanov iştirakçıların qaldırdığı çox saylı suallara cavab verib. Aparılmış canlı müzakirələr iştirakçıların Azərbaycana və onun apardığı siyasətə dair böyük marağının olduğunu göstərib. Nəqliyyat barədə suala cavabda səfir deyib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirdiyi, müasir İpək Yolunun canlanması üçün bir sıra ölkələrlə, o cümlədən Çinlə əməkdaşlıq edir, Azərbaycanın AZAL və Silkway şirkətlərinin müasir təyyarə donanmasına sahib olduğu və onların, habelə dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-ın Nyu York və Çikaqo şəhərlərinə sərnişin və yük daşıma uçuşları həyata keçirməklə Azərbaycanı hava limanı mərkəzinə çevirməkdədir.

Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq E. Süleymanov Azərbaycanın hər zaman olduğu kimi bu münaqişənin tezliklə həll olunmasını tərəf olduğunu vurğulayıb. Münaqişənin həllinin masa üzərində olduğunu bildirən səfir, hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və orada hər iki – erməni və azərbaycanlı icmasının birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini və onun hazırkı acınacaqlı durumundan çıxmaq imkanı yaradacağını vurğulayıb. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğunu sual edən E.Süleymanov, rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.

Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan, "Freedom House" təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən Azərbaycan səfiri D.Kramerin uzun zamandan səsləndirdiyi ritorikanın bolşevik zamanı propaqandasına bənzədiyini deyib. Eyni zamanda o, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinliklərinin mövculuğunu bildirib və son on illərin göstərdiyi kimi Azərbaycan həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdə və demokratik, inklyuziv cəmiyyətin inkişafını təmin edir. Səfir, həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.

Bundan başqa, iştirakçılar tərəfindən Rusiya ilə Türkiyə arasında "Türk axını"nın Azərbaycanın layihələrinə təsiri, habelə Rusiya-ABŞ arasındakı gərginliyin regiona mümkün təsiri barədə sual verilib. "Türk axını"nın Azərbaycan layihələrinə təsir etmədiyini söyləyən səfir Süleymanov regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibliyini önə çəkib. İkinci suala dair E.Süleymanov bildirib ki, Rusiya ilə ABŞ arasındakı gərginliyin regiona mənfi təsir göstərə bilər və bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edərdi.

Həmçinin konfrans çərçivəsində iştirakçılara Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə