Seçicilər Konstitusiya islahatlarına "HƏ" deyir (YENİLƏNİB) FOTOLAR
Referendum üzrə "Bələdiyyə" və "Yeni Azərbaycan" təşviqat qrupları təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə görüş keçiriblər. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, Konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bir sözlə, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verməklə öz gələcək inkişafımızı müəyyən edəcəyik. Ağsuluları səsvermədə aktiv olmağa səsləyirəm".
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verərək bildirib ki, hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, konstitusiyaya da əlavə və dəyişikliklər edilməsinin vaxtı artıq çatıb: "Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək".
YAP üzvü Ərəstun Cavadov çıxış edərək təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını qeyd edib. Ərəstun Cavadov ağsuluları dövlət başçısının Sərəncamı ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi günü məntəqələrə gələrək, Referendum Aktına səs verməyə çağırıb.
Görüşdə Qaraqoyunlu bələdiyyəsinin sədri Sirac Məmmədov, Muradlı bələdiyyəsinin sədri Sehrayə Hümbətova çıxış edərək, müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.
Gəncə şəhəri
Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Gəncə şəhər şöbəsi rayon seçiciləri ilə görüş keçirilib. Millət vəkillərinin, ziyalıların, ağsaqqalların, partiya fəallarının, gənclər və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 5000 nəfərdən çox seçicinin iştirak etdiyi növbəti görüş şəhərin "Novruz" meydanında baş tutub. "Tərəqqiyə, inkişafa səs verək!", "Yaşasın müstəqil Azərbaycan və onun müdrik lideri İlham Əliyev!", "Firavanlıq, əmin-amanlıq naminə "Həmrəy olaq, "HƏ" deyək" şüarlarını səsləndirən seçicilər sevinc və çoşqu duyğularını yüksək əhval-ruhiyyə ilə bəyan ediblər.
Tədbiri "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq seçiciləri salamlayıb, onlara xoş duyğularını çatdırıb. Şəhərimizdə referendumla bağlı təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə, insanların fəallığı, məmnunluğu və müsbət rəyi ilə davam etməsi, yeni dərs ilinin başlanması münasibəti ilə qaynar həyat yaşandığını, hər bir gəncəlinin bundan qürur duyduğunu deyib.
Millət vəkili müstəqil Azərbaycanın inkişafı fonunda 2016- cı ilin Gənclər Paytaxtında da möhtəşəm işlərin görüldüyünü, görkəmli nailiyyətlərə imza atıldığını vurğulayıb: "Bu gün həyatımızın bütün sahələrində qazanılmış uğurlar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında başlanan və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağrışlarına uyğun həyata keçirilən islahatların nəticələri və bəhrələridir. Şəhərimizdəki sürətli inkişafı görmək üçün təkcə təhsil sahəsinə nəzər yetirmək kifayətdir. Fərəhlə deyə bilərik ki, bu il məzunlarımızın 57,8 faizi ali məktəblərə qəbul olunub, orta məktəbləri 6 nəfər qızıl, 1 nəfər gümüş medalla bitirib, abituriyentlərimizdən 2 nəfəri Prezident təqaüdünə layiq görülüb. 35 məktəbdə əsaslı təmir işləri aparılıb, 4 məktəbdə yeni korpus tikilib. Biz dünən 41 nömrəli tam orta məktəbin açılışını etdik, 50 illik yubileyinə hazırlaşan bu məktəbdə ilk dəfə yüksək səviyyədə təmir işləri aparılıb, müasir avadanlıq və texnologiya ilə təchiz edilib, müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Məhz buna görə də, biz davamlı inkişafa səs verməli, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüslərini hamlıqla dəstəkləməliyik!".
Millət vəkili Pərvin Kərimzadə isə çıxışında söyləyib ki, xalqın hüquqlarının qorunması çox vacibdir: "Bu baxımdan, Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir. Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan vətəndaşının şəxsiyyətinin qorunması, həyatının təmin olunması faktoruna yüksək səviyyədə əməl edilir. Yəni ölkəmizdə müasir dünyanın insan hüquqları deyilən normal fəlsəfəsinə əməl olunur. Bunun üçün də hər iki məsələ, həm özünü qorumaq, həm də insan hüquqlarının qorunması üçün dövlətin, hakimiyyətin möhkəmləndirilməsinə ardıcıl olaraq çox böyük zərurət var. Fikrimcə, bu referendum aktının da əsas qayəsi bu iki zəruri tələbi əlaqələndirmək və hakimiyyətin daha dinamik, uğurlu şəkildə bu tələblərin ödənilməsinə istiqamətləndirməkdir. Hər bir demokratik dövlətin davamlı inkişafını şərtləndirən başlıca amillərdən biri ardıcıl islahatların həyata keçirilməsidir. Siyasi, iqtisadi, hüquqi və digər sahələri əhatə edən mühüm islahatlar çoxşaxəli, ardıcıl və dinamik inkişafı təmin etməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini təmin edir. Konstitusiyaya əlavə dəyişikliklər həyatımızda bir çox yeniliklərlə əlamətdar olacaq və Ulu Öndərin siyasi kursuna daim sadiq olan gəncəlilər ölkə Prezident İlham Əliyevin müdrik təşəbbüsünü dəstəkləyəcəklər.Mən buna inanıram.Ulu öndərin siyasi kursu daim yaşayırsa Azərbaycan nəinki regionda, dünyada lider dövlət kimi tanınacaq və Şərqə günəş kimi doğacaq!
YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi, professor Fuad Əliyev çıxşında bildirib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar, yəni mütəxəssislər iştirak edirlər: "Burada referendum aktının məzmununun ictimaiyyətə çatdırılması əsas məsələdir. Məncə, həyatımızdakı inkişafa rəğmən təbliğatçıların üzərinə yüksək məsuliyyət düşsə də, fikrimizi çox asanlıqla ictimaiyyətə çatdıra bilirik. Çünki cəmiyyətimiz kifayət qədər hazırlıqlı cəmiyyətdir. Müstəqillik illəri ərzində ölkədə aparılan siyasət elədir ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir. Ona görə də, bu məsələdə təbliğatın normal gedişi üçün hər cür şərait var.Ölkəmizdə dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib, bu sahədə zəngin təcrübə qazanılıb, Azərbaycan seçicisi öz sözünü qətiyyətlə deməyi bacarır və gələcək hədəfləri indidən müəyyənləşdirmək iqtidarındadır. Sadəcə olaraq, bu proses həm də onunla əlamətdardır ki, cəmiyyətimiz dövlətin işində bilavasitə iştirak səviyyəsini daha da artıracaq. Yəni bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir. Əminəm ki, 26 sentyabrda hər bir Azərbaycan vətəndaşı seçki məntəqəsinə gələrək daha xoşbəxt gələcəyə və uğurların davamına səs verəcək".
YAP Gəncə şəhər Təşkilatının sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov, təbliğatçılardan dosentlər Ceyhun Hüseynov və Cavid Bağırzadə çıxış edərək bildiriblər ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Möhtərəm Prezident cənab İlham Əliyevin bütün təşəbbüslərinin xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək. Təbliğatçılar bütün seçiciləri sentyabrın 26-da seçki mənqələrinə dəvət edərək, onları referendum aktına səs verməyə çağırıblar.
Yeni Gəncə yaşayış massivinin sakini, xalq artisti Şahnaz Haşımova sürətli inkişafın, firavan həyatın tərəfdarı olduğunu vurğulayaraq hər kəsi Referendum Aktına "Hə" deməyə çağırıb.






Astara rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kompaniyası ilə əlaqədar Astara rayonunun Ərçivan qəsəbəsində seçicilərlə görüşüb. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıb. O seçiciləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsində (referendum) fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmə, xüsusən insan hüquq və azadlıqlarının effektiv təminatının şahidi olacağıq: "Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut Prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Əminliklə deyə bilərəm ki, ölkə vətəndaşları bu konstitusiya islahatlarının müsbət nəticələrini öz şəxsi həyatlarında qısa müddətdə hiss edəcəklər. Ona görə də sizlərə üz tutaraq deyirəm "həmrəy olaq" konstitusiya dəyişikliklərinə "HƏ" deyək".
Tədbirdə çıxış edən professor Əflatun Nemətzadə, qəsəbə ağsaqqalı Səadət Məmmədov və Ərçivan qəsəbə bələdiyyəsinin sədri İradə Rzayeva konstitusiyaya ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini ifadə ediblər.




Şamaxı rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu 26 sentyabr 2016-cı il tarixə təyin olunmuş ümumxalq səsverməsi- referendumla əlaqədar Şamaxıda görüş keçirib. Şamaxı şəhəri Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova və digərləri iştirak ediblər.
Görüşdə ilk çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov söyləyib ki, Azərbaycan Respublikasının Konsititusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuş, 2002-ci ilin avqustun 24-də və 2009-cu il martın 18-də Konstituisiyaya əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar iki dəfə referendum keçirilib: "Hazırda yenidən belə bir zərurətin yarandığına görə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi 2016-cı il 26 iyul tarixli sərəncamı ilə referendumun sentyabrın 26-da keçirilməsi qərara alınıb".
Onun sözlərinə görə, hazırki Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsinə dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması nəzərdə tutulur: "Bütövlükdə referenduma çıxarılan dəyişikliklərin 3 bloka cəmləşdiyi, bu təşəbbüsün dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, vətəndaş cəmiyyətinin inkişafına stimul verəcəyi qeyd olunub. Hər kəsi səsvermə günü aktiv olub gələcəyimiz naminə səs verməyə dəvət edirəm".
Sonra söz YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatını yığıncaq iştirakçılarına geniş izah edib.
Sonda iştirakçılar Referenduma çıxarılan dəyişikləri dəstəklədiklərini bildiriblər.



Nərimanov rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi Elm və Təfəkkür Universitetinin akt zalında seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP Nərimanov rayon təşkilatının sədr müavini Vaqif Novruzov, Nərimanov rayon seçiciləri və fəal gənclər iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev açaraq keçiriləcək referendumla bağlı Nərimanov rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib.
"Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən T. Tağıyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib. Təşkilat sədri söyləyib ki, ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub: "İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Əminəm ki, hər bir Azərbaycan vətəndaşı kimi sizlər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz".
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı nitq söyləyərək bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır: "Ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi. Referenduma təklif olunan hər bir təklif və dəyişilik ölkəmizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcək. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq".
Sonra Kooperasiya Universitetinin professoru Vilayət Əliyev və Azərbaycan Respublikası Veteranlar Şurasının üzvü Həmid Cəfərov çıxış edərək söyləyiblər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır: "Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Nərimanov rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verəcək".
Daha sonra görüş seçicilərlə millət vəkili və qonaqlar arasında diskussiya şəklində davam edib.
Sonda təşkilat sədri T. Tağıyev vurğulayıb ki, "Yeni Azərbaycan" təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcək: "Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etmək, eyni zamanda hər zaman olduğu kimi bu seçkidə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir".







İmişli rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı İmişlidə seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların həyata keçirilməsini tələb edir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızın bundan sonrakı həyatında daha qüdrətli dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişaflara malik olmaq zərurətindən irəli gəlmişdir. Məhz bu səbəbdən də imişliləri Konstitusiya dəyişikliklərinə səs verməyə səsləyirəm".
Görüşdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq: "Bu istiqamətdə indiyədək də Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilib, ciddi bir inkişaf səviyyəsinə nail olunub. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır".
Görüşdə YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Elzamin Əzizov, YAP ərazi təşkilatının sədri İldırım Musayev çıxış edərək Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini diqqətə çatdırıb, imişliləri fəal olmağa və sözügedən Konstitusiya dəyişikliklərinə səs verməyə çağırıblar.

Xətai rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında növbəti dəfə seçicilərlə görüş keçirib. Görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək bildirib ki, bugünkü görüşün əsas məqsədi referendumla bağlı rayonumuzun seçiciləri arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.
Sonra söz BDU-nun Konstutsiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəssəfə doktoru Nəsib Şükürov Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.
![]()
Səbail rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Səbail rayon şöbəsi rayonun 20-ci sahə 6 saylı peşə məktəbinin qarşısındakı idman meydançasında seçicilərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən referendumu Aktı ilə bağlı məlumat verib. O bildirib ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti, və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət tipi formalaşır".
Səlahiyyətli nümayəndə onu da qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.
Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan Ş.Hacıyev bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. Eyni zamandv, böyük fərəh hissi ilə qeyd edə bilərik ki, ölkəmiz ötən 7 il ərzində bəlkə də 15 ilə sığmayacaq uğurlar, nailiyyətlər əldə edib. Ölkəmiz inkişaf etdikdə qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır. Hazırda ümumxalq müzakirəsinə təqdim olunan referendum aktının 29 maddəsinə edilən 39 düzəliş cəmiyyətdə ciddi müzakirələrə səbəb olacaq. Çünki, burada nəzərdə tutulan hər bir məqam məhz dövlətçiliyimizin və dövlətimizin daha da inkişafına istiqamətlənib".
Çıxışının sonunda Ş.Hacıyev hər kəsi referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günün dəyişikliklərə "HƏ" deməyə çağırıb,
"Həmrəy olaq, hə deyək" devizi ilə keçirilən görüşdə çıxış edən seçicilər Referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.
Xəzər rayonu
26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun həyata keçirdiyi tədbirlər uğurla davam etdirilir. Uğurla keçirilən tədbirlər silsiləsinə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında səhiyyə işçiləri ilə keçirilən görüşü də daxil etmək olar. Belə ki, sentyabrın 16-da "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Xəzər rayon şöbəsi ümumxalq səsverməsi ilə bağlı rayon ərazisində yerləşən səhiyyə ocaqlarının işçiləri ilə görüş keçirdi.
Görüşü açan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov referenduma çıxarılan əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumat verib. Bildirib ki, sentyabrın 26-da ölkəmizdə keçiriləcək növbəti ümumxalq səsverməsi Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açacaq: "Konstitusiyaya təklif olunan dəyişikliklərlə ölkənin idarəçilik sistemində bir sıra yeniliklər ediləcək. Həyata keçiriləcək yeniliklərdə isə əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, ölkədə sabitliyin qorunmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bunu Prezident İlham Əliyev təkcə fikirlərində ifadə etməyib, həm də əməli fəaliyyəti ilə sübut edib. Bu baxımdan da hesab edirəm ki, cənab Prezidentin referendumun keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs xalq tərəfindən yüksək qiymətləndirilərək öz təsdiqini tapacaq".
Namiq Əhmədov vurğuladı ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm bağlar mövcuddur. Ona görə də xalq referendum seçkilərində öz mövqeyini bir daha ortaya qoyaraq, təklif olunan dəyişikliklərin lehinə səs verəcək.
Daha sonra Müharibə əlilləri üçün müalicə pansionatının həkimi Dilqəm Eyvazov və Xəzər Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elnarə Muradova çıxış edərək Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Referendum Aktı layihəsini dəstəklədiklərini söyləyiblər. Vurğuladılar ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zamanın tələbindən irəli gəlirdi və buna ehtiyac var idi. Ümumiyyətlə, dünya praktikasına da nəzər yetirəndə görmək mümkündür ki, ölkələrdə iqtisadi siyasi islahatlara hər zaman ehtiyac duyulur. Ölkə nə qədər inkişaf edirsə, o qədər də müəyyən yeniliklərin edilməsi məqsədəuyğun hesab edilir. Bu və digər amilləri nəzərə alaraq əminliklə bildiririk ki, səhiyyə işçiləri də hamı kimi yeniliyi və inkişafı dəstəkləyən Referendum Aktı layihəsinin lehinə səs verəcəklər.
Görüşün sonunda "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Xəzər rayon şöbəsinin sədri Namiq Əhmədov seçiciləri maraqlandıran sualları cavablandırıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB