750 nəfər terrordan qaça bilib

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Amerika Universitetinə terror hücumu nəticəsində yeddisi tələbə olmaqla, 13 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə BBC əfqan polislərinə istinadən informasiya yayıb. Hələlik terror aksiyasının həyata keçirilməsini heç bir qruplaşma boynuna götürməyib.

Həlak olanlar arasında 3 polis və daha 3 təhlükəsizlik əməkdaşı var. 35 tələbə və 9 polis isə yaralanıb. Terror aksiyası baş verərkən, universitetin 750 tələbəsi və əməkdaşı xilas oluna bilib. Bunu isə Kabilin polis rəisi Abdul Rahmən Rahimi deyib.

Qeyd edək ki, çərşənbəyə keçən gecə naməlum silahlılar universitetə hücum ediblər. Təxminən yerli vaxt ilə saat 19:00 radələrində (Bakı vaxtilə 16:30) terrorçu-kamikadze partlayıcı ilə təchiz edilmiş avtomobillə təhsil müəssisəsinin girişində çırpılıb. Daha sonra bir neçə silahlı şəxs universitetin binasına daxil olaraq, yüngül və ağır atıcı silahlarla hər kəsə atəş aşmağa başlayıblar. Xoşbəxtlikdən tələbə və müəllim heyətinin çox hissəsi zamanında hadisədən qaçmağa müvəffəq olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə