NATO sammiti Azərbaycana nə verəcək? ŞƏRH

NATO sammiti Azərbaycana nə verəcək? ŞƏRH

"NATO sammitində Azərbaycan üçün əhəmiyyətli iki məqam var. Birincisi Azərbaycan NATO ilə əməkdaşlıq edir və ordu quruculuğumuz bu standarta uyğun həyata keçirilir. İkinci vacib məsələ Azərbaycan sammit vasitəsilə torpaqlarının işğalı məsələsini yenə də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların qərarlarına, eyni zamanda xarici ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, hələ də işğal faktoru davam edir: "Apreldə cəbhədə baş verən hadisələr isə Azərbaycanın buna uzun müddət dözmək məcburiyyətində olmadığını və beynəlxalq ictimaiyyətdən məsələnin həllini tələb etdiyini göstərir. Sammitdə Ermənistan Prezidenti Serj Sarkisyan iştirak edəcək. Nəzərə alaq ki, toplantı çərçivəsində Azərbaycan və Ermənistan ölkə rəhbərlərinin görüşünün planlaşdırıldığı haqqında məlumatlar yayılıb. Əgər görüş baş tutarsa, o zaman Sankt-Peterburqda əldə olunan müəyyən razılaşmaları davam etdirmək olar. Bununla Ermənistanın Dağlıq Qarabağ probleminin həllində nə dərəcədə maraqlı olduğu üzə çıxacaq. Bir neçə gün bundan əvvəl Ermənistan silahlı qüvvələrinin snayperi cəbhə xəttində Azərbaycan əsgərini şəhid etdi. Bu göstərir ki, Ermənistan sözdə problemin həlli ilə bağlı sülhpərvər bəyanatlar versə də, mahiyyət etibarı ilə hələ də işğalçılıq, Azərbaycana hərbi təzyiq siyasəti yeridir. Azərbaycan bu məsələləri həm sammit iştirakçılarının nəzərinə çatdırmaq, həm də Ermənistandan atdığı bu addımlara görə cavab tələb etmək fikrindədir. Ümid edirik ki, sammit Azərbaycan üçün bir sıra əhəmiyyətli nəticələr gətirəcək".

Millət vəkili söyləyib ki, NATO sammiti bir qayda olaraq dünya mətbuatının diqqətini cəlb edir: "Çünki sammitdə hərbi blokun üzvləri ilə yanaşı, təşkilatla əməkdaşlıq edən ölkələrin rəhbərləri iştirak edir, orada təhlükəsizlik, terrorizmlə mübarizə ilə bağlı məsələlərlə yanaşı, ayrı-ayrı ölkələrin problemləri, inkişaf məsələləri də müzakirə olunur. Sammit çərçivəsində ayrı-ayrı ölkə nümayəndələri ikitərəfli münasibətləri müzakirə edir, hansısa məsələni orada iştirak edən ölkələr qrupunun nəzərinə çatdırır. Ümumiyyətlə, NATO ancaq ona üzv olan ölkələrin hərbi təhlükəsizlik məsələlərini müzakirə edir. Blokdan kənara məsələləri isə birmənalı olaraq diplomatik yanaşır. Ancaq NATO-nun maraq dairəsinin bütün dünya olduğunu nəzərə alsaq, Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyi, orta əsrlər təfəkkürü ilə ciddi problemlər yaratdığı blokun diqqətindən qaçmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə