Eminin “tırkala”dığı savçenkolar

Eminin “tırkala”dığı savçenkolar

Mətbuatda rast gəldiyim bir məlumat ovqatımı yaman təlx elədi. İnsanların hisləri ilə necə oynadıqlarını, birinin düşdüyü acınacaqlı vəziyyətdən necə məharətlə istifadə etdiklərini görəndə dünyanın siyasət adlı hərbə-zorba meydanının daha hansı rənglərlə boyandığının bir daha şahidi oldum. İnsan kiminləsə dalaşıb bunun acığını ölkəsindən, millətindən çıxarmı? Haqqın kiminsə ucbatından tapdalanıbsa bunun öcünü xalqdan almaq hansı kişiyə, yaxud kişiliyə yaraşar. Əgər ədaləti ədalətsizliklə bərpa etmək istəyirsənsə deməli sən onlardan heç nə ilə fərqlənmirsən. Şərəfsizlər siyahısını öz adınla bir pillə də uzatmış olarsan...

Atalar sözləri, aforizmlərlə zəngin bu çıxışımı bir kənara qoyub keçirəm mətləbə. Siyasi yazıları oxumaq həvəsində olanlar İlqar Məmmədov haqqında bilməmiş deyillər. ReAL hərəkatının lideri olub. Əməllərinə görə indi həbsxanadadır. "Dostları" onun məhbəsdən azad olunması üçün nələrə əl atmayıblar. Gah onu Mandelaya bərabər tutub "siyasi məhbus" damğası vurublar. "Yuxarılara" yazıblar. Hansısa ölkənin məhkəməsinə müraciət ediblər. Hətta deputat seçdirmək istəyiblər. Məqsəd təbii ki, birdir, onu həbsxanadan çıxarmaq. Amma "canıyananların" heç birinin yadına bu illər ərzində nə qanun, nə məhkəmə düşüb, əksinə bu dərdin əlacını Avropada, Amerikada axtarıblar. Tapa bilmədikcə havalanıblar, aqressivləşiblər, vəhşiləşiblər, özlərini idarə olunmaz hala gəliblər. Amma bunların bir faydası olmayıb, əksinə, xarici ölkələrdə ağızlarını boş qoyub sağa-sola Azərbaycanın əlehinə danışdıqca üstümüzə ayaq açanların sayı artıb. Guya hansısa avropalı Azərbaycan hakimiyyətinə bircə dəfə "filankəsi burax" desə həmin saat arzular çin olacaq? Buna ağlı başında olan avropalıların heç biri inanmaz.

Bu da Savçenkoya "pirim" deyib ətrafına sarılan xəyanətkar dəstə

İlqarın dərdini çəkənlər biri də sən demə ukraynalı pilot Nadejda Savçenko imiş. Bəziləri bizə ağıl dərsi keçməyə başlar ki, bəs bir insanın taleyinə qarşı niyə bu qədər biganəyik, nə bilim İlqarın tərəfkeşlərini niyə belə müzakirə obyektinə çevirmişik. Yox, məsələ bunda deyil, məsələ məntiq məsələsidir. İnanmağım gəlmir ki, Rusiyanın ciddi rejimli həbsxanalarında öz canı ilə əlləşən, sabaha çıxıb-çıxmayacağı hər axşam Domokl qılıncı kimi başının üstünü kəsən, azad olunduqdan sonra Ukraynada milli qəhrəmana çevrilərək eyforiyadan başı gicəllənən, Radanın tribunasını Maydanla qarışdıran, AŞPA-nı Kiyevin küçələri zənn edən bir xanımın birdən-birə İlqar yadına düşsün.

İlqar Məmmədovun həbsdə olması xəbərini xanım Savçenkoya bizimkilərdən birinin ötürdüyü heç kimdə şübhə doğurmur. Yoxsa İlqar kimdir ki, onun ucbatından öz ölkəsinin problemi başdan aşan, insanlarının hər addımda haqqı tapdalanan Savçenko Azərbaycana hədə-qorxu gəlməyə başlasın. Əslində Azərbaycanı "Avropada cənnət həyat" xəyallarına satan Emin Hüseynov adlı bir gədə adəti üzrə ağalarının sifarişi ilə AŞPA-nın növbəti sessiyasından əvvəl iqamətgahın qarşısında Azərbaycana qarşı keçirmək istədiyi piket zamanı Ukraynanın qurumdakı nümayəndə heyətinin üzvü, Rusiyanın caynağından canını güclə qurtaran Nadejda Savçenkoya üzərində İlqara azadlıq sözü yazılmış kağız parçasını verib, o da Emini üzməmək üçün özü də bilmədən onun aksiyasına qoşulub. Məqalənin başlığına da "Savçenko Azərbaycan hakimiyyətindən tələb etdi" sözlərini çıxarıblar. Guya Savçenkonun tələbi yerinə yetirilməsə minəcək dəmir quşuna, qalxacaq səmaya və oradan Azərbaycana od ələyəcək. Hamısı xam xəyallardır, deyir, "Keçəl dərman bilsə öz başına sürtər". Savçenko belə cəsarətlidirsə öz ölkəsini separatçıların əlindən qurtarsın, başına min oyunların açıldığı Rusiyanı beynəlxalq məhkəməyə versin. Öz haqqını qoruya bilməyəndən başqasına havadar çıxmaz. Özünə umac ova bilməyən, başqasına əriştə kəsə bilməz. Emin kimilərin Savçenko "priyomu" da nəticəsiz qalacaq. İlqarı Eminin "tırkala"dığı savçenkolar yox, Azərbaycan qanunları, məhkəmələri həbsxanadan azad edə bilər.

Allah qapısını açsın!

Emin Hüseynovu tanımayanlara kiçicik arayış: Qərbin maraqları üçün çoxdan ram edilmiş casus, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan, anti-Azərbaycan təbliğatı ilə ermənilərin simpatiyasını qazanmış bu xəyanətkar vaxtilə ABŞ-ın Bakıdakı səfirliyində sığınacaq tapmaq istəsə də sonradan İsveçrə səfirliyində gizlənmişdi. Birinci Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsində Azərbaycanı tərk etməsi birmənalı qarşılanmamışdı. İndi də Avropada oturub Azərbaycanın kölgəsini qılınclamaqla məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə