Qurultay iştirakçıları təəssüratlarını SƏS TV ilə bölüşdü

Qurultay iştirakçıları təəssüratlarını SƏS TV ilə bölüşdü

İyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

Qurultay iştirakçıları öz təəssüratlarını SƏS TV ilə bölüşüb:

İsveçrənin nümayəndəsi Ekber Gence: "Mən Avropadakı ilk cəmiyyətlərin dayaq sütunlarını quranlardan biriyəm. Azərbaycanın dünyada və Avropada bir daha tanıdılması üçün Dünya Azərbaycanlılarının IV qurultayının böyük əhəmiyyəti var. Hətta qurultayda iştirak etmək üçün Yaponiyadan da Bakıya xeyli sayda insan gəlib. Bu kimi qurultayların təşkili belə özlüyündə mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi bu cür qurultaylar hər beş ildən bir keçirilir. Biz erməni lobbisinə qarşı çox güclü həmrəylik nümayiş etdirməliyik. Hesab edirəm ki, ermənilərin dünyada ifşa edilməsi üçün bu kimi qurultaylar davamlı olmalıdır. Biz istəyirik ki, Azərbaycan bayrağı dünyanın hər yerində dalğalansın. Çünki bizim qalib olmaq durumumuz var. Rəqiblərimizə qarşı ayaqda durub daha da güclü səsimizi çıxarmağımız üçün lobbi fəaliyyətlərimizi gücləndirməliyik".

Böyük Britaniyanın nümayəndəsi Ali Tekin Atalar: "Mənim Bakıya üçüncü gəlişimdir. Hər gəlişimdə ölkənin daha da inkişaf etdiyini görürəm. Dünyanın hər yerindən Azərbaycana insanlar gəlir. Qurultay Azərbaycanın xaricdə tanınması üçün çox önəmlidir. Siyasi və iqtisadi baxımından qurultayın əhəmiyyəti böyükdür. Məsələn, mən Londonda Azərbaycan evinin sədriyəm. Orada yaşan azərbaycanları bir yerə toplayırıq. Burada Azərbaycan üçün lobbiçilik fəaliyyətimizi davam etdiririk. Bu gün qlobal dünyada hər şey qloballaşır. Onun qlobal olması üçün də dünyanın hər yerində diaspor təşkilatlarının olması vacibdir. Mən 40-45 ildir ki, Londonda yaşayıram. Son 20 ildə biz bir araya toplanaraq erməni lobbisinə qarşı fəaliyyət göstəririk".

ABŞ-ın nümayəndəsi Babək Sələbyanlı: "Ümumiyyətlə güclü diaspora ölkələrin xarici siyasətinin güclü olmasını göstərir. Biz də dünyada yaşayan azərbaycanlılar olaraq Azərbaycanın milli, eləcə də ərazi bütövlüyü məsələsində hər zaman çalışırıq ki, haqlı olduğumuzu dünyaya göstərək. Amma çox təəssüf ki, bu günə kimi erməni lobbisi çox güclü olub. Beləcə haqlı olduğumuz yerinə haqsız görünmüşük. Mən də bir azərbaycanlı olaraq əlimdən gələni çalışıram ki, ABŞ-da öz milli vəzifəmi Vətənim və millətim qarşısında yerinə yetirim. Mən 5 ilə yaxındır Vaşinqtonda yaşayıram və əslim Güney Azərbaycanlıdır. Amma Azərbaycanın ərazi bütövlüyü məsələsində gələndə hamısını özümüzün milli vəzifəmiz bilirik. Biz ABŞ-da, Ağ Evdə, eləcə də ayrı-ayrı konqreslərdə, konfranslarda aksiyalar keçirməklə çalışırıq ki, Azərbaycanın haqlı səsini Amerika ictimaiyyətinə çatdıraq".

Ukraynanın nümayəndəsi Nəcəf Əhmədov: "Təbii ki, qurultayın çox böyük əhəmiyyəti var. Çünki dünyada ayrı-ayrılıqda yaşayan bütün azərbaycanlıların Azərbaycanla birlikdə əlaqəsi olur. Diasporanın bütün xarici ölkələrdə yəni Azərbaycan sərhədlərindən kənarda rolu mühümdür. Çünki erməni diasporası vaxtilə çox güclü olub. Amma bu gün Azərbaycan diasporası həqiqətən də böyük nailiyyətlər əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə