Azərbaycan Avropa ədliyyə nazirlərinin konfransında

Bolqarıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Sofiyada AŞ və Bolqarıstan hökumətinin təşkilatçılığı ilə Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə təsisatları rəhbərlərinin, AŞ-nin və digər beynəlxalq qurumların məsul şəxslərinin iştirak etdiyi yüksək səviyyəli konfransda ölkəmizi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib.

Konfransda AŞ-nin baş katibi Torbyorn Yaqland, Bolqarıstanın Baş naziri Boyko Borisov, xarici işlər naziri Daniel Mitov və ədliyyə naziri Yekaterina Zaxariyeva giriş sözü ilə çıxış edib.

Tədbirdə Avropa dövlətlərində məhkəmə sistemlərinin və hakimlərin müstəqilliyi, məhkəmələrə ictimai inamın gücləndirilməsi, bu sahədə aparılan islahatlar, habelə hakimlərin müstəqillik baxımından üzləşdiyi problemlər müzakirə olunub.

Konfrans iştirakçıları öz təcrübələri ilə bölüşüb və milli məhkəmə sistemlərinin möhkəmləndirilməsi üzrə tədbirlərdən bəhs ediblər. Bununla belə, çıxış edənlər qarşılaşdıqları problemləri qeyd edib, öz ölkələrində məhkəmə fəaliyyətinə digər hakimiyyətlər tərəfindən müdaxilə edilməsi, o cümlədən KİV-lərin yolverilməz təzyiqi faktlarını diqqətə çatdırıb, məhkəmələrin maliyyələşdirilməsinin pisləşməsi, hakimlərin əmək haqlarının və sayının azaldılması kimi neqativ tendensiyaları vurğulayıblar. Eyni zamanda bildirilib ki, məhkəmə sistemlərinin müstəqilliyi möhkəmləndirilməli, hakimlər tam siyasətsizləşdirilməli və bu sahədə korrupsiyanın qarşısının alınması üçün əlavə təsirli tədbirlər görülməlidir.

Çıxış edən ədliyyə naziri F.Məmmədov tərəfindən ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, o cümlədən mühüm institusional tədbirlərin görülməsi, müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurasının təsis edilməsi, mükəmməl qanunvericilik bazasının yaradılması vurğulanıb. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin davamlı olaraq genişləndirilməsi, xüsusilə hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması səlahiyyətinin yeniliklə Şuraya həvalə olunnması, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, onların sosial müdafiəsinin gücləndirilməsi və əməkhaqlarının azaldılmasının qanunla qadağan edilməsi, sayının iki dəfə artırılması, müasir məhkəmə infrastrukturunun yaradılması və digər müsbət qarşılanan təcrübələr barədə məlumat verilib, habelə səslənən problemlərin aradan qaldırılması üzrə tədbirlərə toxunulub.

Çıxışda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozaraq günahsız insanların tələfatı ilə nəticələnən təxribatlar törətməsi faktı iştirakçıların diqqətinə çatdırılıb.

Çıxışın mətni tədbir iştirakçıları arasında yayılıb.

Konfransda Avropa ölkələrində məhkəmə hakimiyyətlərinin müstəqilliyinin və qərəzsizliyinin gücləndirilməsi üzrə 5 illik Fəaliyyət Planı təqdim olunub.

Tədbir çərçivəsində Bolqarıstanın ədliyyə naziri Y.Zaxariyeva ilə ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və səmərəli əməkdaşlıq münasibətləri, bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu vurğulanıb, hüquqi əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib və maraq doğuran məsələlər müzakirə olunub. Y.Zaxariyeva mötəbər beynəlxalq forumlarda iştirak etmək məqsədilə Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin hərtərəfli dinamik tərəqqisindən heyran qaldığını bildirib.

Konfrans zamanı Avropa Şurasının baş katibi T.Yaqland bu təşkilatın yüksək səviyyəli digər nümayəndələri, eləcə də bir sıra dövlətlərin ədliyyə nazirləri və məhkəmə təsisatlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.

Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə