"Mənasız danışıqlar davam etsə, atəşkəs yenidən pozulacaq” MÜSAHİBƏ - SƏS TV

"Mənasız danışıqlar davam etsə, atəşkəs yenidən pozulacaq” MÜSAHİBƏ - SƏS TV

Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun SİA-ya müsahibəsi

- Aprelin ayının əvvəllərində cəbhədəki məlum hadisələrdən sonra nisbi də olsa sakitlik yaranıb. Necə düşünürsünüz bölgədə yenidən toqquşma ola bilər?

- Cəbhədə 4 günlük gərginlik həm Ermənistana, həm Rusiyaya, həm də beynəlxalq aləmə onu göstərdi ki, Azərbaycan əbədiyyən mənasız danışıqlarda iştirak etməyəcək. 22 il danışıqlar apardıq, lakin heç bir nəticə əldə edilmədi. Bu illərdən sonra Azərbaycan tilsimi qırararaq Ermənistanın cəbhədə törətdiyi təxribata layiqli cavab verdi. Düşmən tərəf 4 günlük mübarizədə çoxlu sayda itkilər verdi. İndi bizim istəyimiz, tələbimiz ilkin şərt irəli sürmədən işğalçı qüvvələrin Dağlıq Qarabağdan boşaldılmasından ibarətdir. Bu məsələdə Rusiya hakimiyyətindən Ermənistana təsir edərək prosesi sürətləndirməyi gözləyirik. Əgər mənasız danışıqlar yenə davam edərsə, o zaman düşünürəm ki, atəşkəs yenidən pozulacaq və biz işğalçı Ermənistana qarşı təzyiqləri davam etdirəcəyik.

- Cəbhədə baş verən son hadisələr zamanı Azərbaycan ordusu önəmli uğurlar əldə edərək strateji nöqtələri və önəmli ərazilərimizi düşməndən geri qaytara bildi. Ordumuzun əldə etdiyi uğuru danışıqlar masasına dayışa bilərikmi?

- Azərbaycan ordusu 4 günlük mübarizədə iki istiqamətdə uğur qazandı. Bunlardan biri hərbi uğurlarımız idi ki, bunun sayəsində strateji yüksəklikləri ələ keçirə bildik. Bu, cəbhə bölgəsində 1994-cü ildən indiyə qədər qazandığımız ilk uğurumuz idi. Bu sahədə əldə edilən uğurlar bizə diplomatik sahədə də uğurlar gətirməlidir. Bu zamana qədər beynəlxalq aləmdə Dağlıq Qarabağ ətrafı rayonlardan çox az adam danışırdı. Amma 4 günlük gərginlikdən sonra beynəlxalq aləm bildi ki, Ermənistan Dağlıq Qarabağ ətrafı rayonları da işğal edib və onlar bildirdilər ki, işğalçı ölkə həmin rayonları boşaltmalıdır. Beynəlxalq aləm başa düşdü ki, Dağlıq Qarabağ ətrafı rayonlar işğaldan azad edilməyənə qədər atəşkəs rejiminə əməl edilməyəcək. İndi biz ikinci mərhələni, yəni Ermənistana güclü təzyiqlərin edilməsini gözləyirik. Əslində hazırda Ermənistanın içində qarışıqlıq yaranıb. Artıq düşmən ölkənin də ictimaiyyəti anladı ki, işğal olunmuş torpaqlar azad edilməyənə qədər onlara sakitlik yoxdur. Düşünürəm ki, növbəti danışıqlarda, problemin həlli ilə bağlı proseslərdə irəliləyiş olmalıdır. İstər Kazan, istərsə də yenilənmiş Madrid prinsiplərində ilk tələb Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasıdır. Çox təəssüf ki, Ermənistan və onu himayə edən müəyyən xarici qüvvələr status məsələsini ön plana atırlar. Onlar bildirirlər ki, Dağlı Qarabağın statusunu müəyyənləşdirəcək mexanizm Referendumda göstərilməlidir. Biz buna gedə bilmərik. Bu məsələ bir daha qabardılsa, Azərbaycan bununla razılaşmayacaq və cəbhə bölgəsində üstünlüyümüzü bir daha göstərəcəyik.

- Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Bakıya səfəri zamanı bəyan etdi ki, tezliklə ATƏT-in Minsk qrupunun həmsədrlərinin razılaşdırdığı Kazan sənədi tətbiq olunacaq və bu sənədə görə Ermənistan Azərbaycanın işğal etdiyi 5 rayonu geri qaytaracaq. Niyə məhz 5 rayon?

- Əslində burada 7 rayondan söhbət getməlidir. Kazan, eləcə də yenilənmiş Madrid prinsiplərində ilkin olaraq 5 rayonun adı çəkilir. İki rayon yəni Kəlbəcər və Laçın sonrakı mərhələyə saxlanılır. Həmin sənədlərdə bu iki rayonun 5 və ya 7 il müddətinə boşaldılması vurğulanır. Buna da güzəştə gedə bilərik. O ki qaldı Markovun söylədiklərinə, sözügedən politoloq Kremlə yaxın mövqe tutur. Lakin son zamanlar çox obyektiv açıqlamalar verərək bu məsələdə Ermənistanı günahlandırır. Amma biz Rusiyada olan hakimiyyət nümayəndələrinin də Markov kimi düşündüyünə əmin deyilik. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin geniş mətbuat konfransı keçirərək bildirdi ki, Rusiya tərəfi məsələnin həlli istiqamətində danışıqları intensivləşdirməyə çalışacaq. Əgər Rusiya problemin həllində ədalətli mövqe göstərərsə, o zaman Azərbaycanla daha dost ölkə ola bilər. Bunun olub-olmayacağını isə yaxın günlərdə görəcəyik. Ehtimallara görə, prezidentlərin növbəti görüşü Rusiya ərazisində baş tutacaq.

- Hazırda Ermənistan-Rusiya arasında münasibətlərdə gərginlik yaşanır. Əslində onlar arasında nə baş verir?

- Ermənistan hakimiyyətinin və cəmiyyətinin Rusiya ilə bağlı iki istiqamətdə narazılığı var. İlk narazılıq cəbhə bölgəsindəki gərgin vəziyyətdə Rusiyanın Ermənistana dəstək verməməsilə bağlı oldu. İkinci narazılıq sülhməramlılarla əlaqədar idi. Onlar hesab edirdilər ki, Rusiya orada sülhməramlıları yerləşdirməli, prosesi sürətləndirməli idi. Əlbəttə bütün bunlar məntiqsiz narazılıqlardır. Çünki, Rusiya bu prosesə qarışa bilməz. Rusiyanın Ermənistanla hərbi anlaşmaları olduğu üçün o, yalnız düşmən ölkənin təhlükəsizliyinə cavabdehdir. Lakin Dağlıq Qarabağ Azərbaycan ərazisi sayıldığı üçün Rusiya bu məsələyə müdaxilə etmək hüququna malik deyil. Cəbhədə baş verən 4 günlük mübarizə zamanı Rusiyanın Gümrüdəki hərbi bazası ən rəvan günlərini yaşadı. Bu da ermənilərin narazılığına səbəb oldu. Bundan başqa Rusiyanın Azərbaycana geniş miqyasda silah satması da Ermənistanın daxilində böyük narahatçılıq yaradıb. Qonşu ölkə bizə silah satmaqla milyardlarla pul qazanır. Ermənistana isə peşkəş verir və ortada heç bir qazancı yoxdur. Bu məsələlərdən qaynaqlanan narazılıq artıq Ermənistan cəmiyyətində geniş vüsət alıb. Hesab edirəm ki, bu narazılıq getdikcə daha da artacaq. Ermənistan düşünürdü ki, əgər müharibə olsa, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyib, Azərbaycana qarşı çıxacaq. Amma Rusiya hakimiyyəti başa düşür ki, əgər belə bir yanlışlığa yol versə, qarşılarında Azərbaycan ordusu ilə yanaşı, Türkiyə, Pakistan, eləcə də digər bizə müttəfiq olan dövlətlərdən olan könüllülər ola bilər. Bu da müharibənin Şimali Qafqaza inikas olunması deməkdir. Rusiya bundan ehtiyat edir. Bir sözlə cəbhədə baş verənlər iki ölkə arasında müttəfiqliyin saxta olduğunu bir daha ortaya çıxarmış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə