İsrail səfiri: “Ailəm də erməni terroruna məruz qalıb və evimizi itirmişik"

Bu gün Sputnik Azərbaycan Multimedia mərkəzində "Azİz" Beynəlxalq Assosiasiyasının rəhbərlərinin israilli jurnalistlərin ölkəmizə səfərinin nəticələrinə dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, press-tur Beynəlxalq Diaspora mərkəzi tərəfindən "Azİz" Beynəlxalq Assosiasiyası ilə birgə təşkil olunub.

Mətbuat konfransında Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev, İsrail Azərbayanlıları konqresinin sədri, xoşməramlı səfir, doktor Aleksander Şapiro-Suliman, "Azİz" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrail Jurnalistlər, dövri mətbuat birliyinin sədri İosef Frenkel və KİV nümayəndələri iştirak edib.

Beynəlxalq Diaspora mərkəzinin rəhbəri İsmayıl Ağayev jurnalistlərin səfərinin əhəmiyyətindən danışıb və bu kimi görüşlərin vacibliyini vurğulayıb.

İsrail Azərbayanlıları konqresinin sədri, xoşməramlı səfir, doktor Aleksander Şapiro-Suliman çıxış edərək deyib ki, bundan öncə də planlaşdırılan formada "Azİz"in rəhbərliyi altında İsraildən bir qrup çox dəyərli jurnalistlərin Azərbaycana səfəri təşkil olunmuşdu: "Vaxtilə mənim ailəm də erməni terroruna məruz qalıb və öz evimizi Zəngəzurda itirmişik. Bu gərgin anlarda da dostlarımızın bizi tək qoymamasına görə təşəkkürümüzü bildiririk. Səfərin ilk günündə İsarilin Azərbaycandakı səfirliyi ilə görüş olmuşdu. Həmin gün Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş keçirilmişdi. Hər gün isə jurnalistlər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qarabağda gedən döyüşlər haqqında informasiyalar alıblar və həmin məlumatlar dərhal İsrail dövlətinə ötürülüb. Bununla belə israilli jurnalistlər Quba Memorial Kompleksində olublar və Quba rayon İcra hakimiyyətinin başçısı ilə görüşüblər.

Səfir bildirib ki, yaxın vaxtlarda Türkiyə, İsrail, Gürcüstan, Tatarıstan və Azərbaycanın iştirakı ilə "İşğala, terror yox" devizi altında böyük bir təşkilat yaranmışdı: "Həmin təşkilatın ofisində bizim jurnalistlərlə də görüş olub. Bu gün isə Azərbaycan hökunəti adından Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində milyonlarla azərbaycanlıların qaçqın düşməsi və onlara dəymiş maddi ziyanla bağlı geniş diskussiya olub".

Sonra isə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə