Seymur Orucov: “Azərbaycan gənciyi vətənpərvərlik nümayiş etdirdi” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:
- Seymur müəllim, 3-4 gündür ki, Ermənistan-Azərbaycan təmas xəttində aktiv müharibə gedir. Ümumiyyətlə, həm Bakıda, həm də bölgələrimizdə gənclərimizin vətənpərvərlik ruhunun artırılması, dövlətə, xalqa sədaqətlə xidmət etmələri üçün YAP GB hansı işlər görür?
- Bu gün Azərbayan xalqı, gəncliyi çox böyük vətənpərvərlik nümayiş etdirib. Cəbhədə baş verən son hadisələrdə biz Ümummilli Liderimizin Azərbaycançılıq məfkurəsi, onun tərkib hissəsi olan vətənpərvərlik hisslərinin insanlara aşılanması, hərbi vətənpərvərlik duyğularının gənclərdə özünü necə təcəssüm etdirməsinin əyani şahidi olduq. Sözün həqiqi mənasında fəxr edirik ki, biz azərbaycanlıyıq və Azərbaycan gənciyik. Bu gün ordumuz ruh yüksəkliyindədir. Ordumuzda döyüşən əsgərlərin böyük hissəsini gənclər təşkil edir. Təbii ki, Yeni Azərbaycan Partiyası da dövlətin ən böyük siyasi partiyası, gücüdür və böyük bir ordudur. YAP özündə 650 mindən çox üzvləri birləşdirən böyük bir partiyadır. Bununda böyük əksəriyyəti gənclərdən təşkil olunub.
Gənclərimizin çoxunun bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yaxınlaşaraq orada könüllülərin sırasına yazılması, əksəriyyətinin sosial şəbəkələrdə vətənpərvərlik çağırışları etməsi və bununla bağlı keçirilən tədbirlər, aksiyalar ondan xəbər verir ki, bizim gənclərlə bağlı apardığımız hərbi vətənpərvərlik işləri artıq öz nəticəsini verməyə başlayıb. Sevinirik ki, bu gün bizim vətənpərvər gənclərimiz vardır. Doğurdan da onların hər biri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri, göstərişi ilə döyüşə getməyə hazır olan şəxslərdir.
- Son vaxtlar fəaliyyətləri ancaq sosial şəbəkələrdə dağıdıcı müxalifət düşərgəsinin təmsilçisi olan bəzi gənclər YAP-la bağlı şər-böhtan xarakterli ittihamlar səsləndirirlər. Sizcə, onları bu addımı atmağa kimlər və nə üçün vadar edir?
- Ümumiyyətlə, özünü dağıdıcı müxalifətin gənci adlandıranlar heç bir müsbət irəliləyişdən, hansısa yararlı iş görməyə həvəsli olmayan insanlardır. Təbii ki, bu cür insanların sayı az olsa da amma var. Onların bizi bəyənməməsinin, haqqımızda hansısa mənfi fikir səsləndirməsinin elə də bir əhəmiyyəti yoxdur. Çünki bu insanlar artıq özlərini dağıdıcı adlandırılar və onun tərkib hissəsi kimi görürlər. Heç şübhəsiz ki, ictimaiyyət də onları elə qəbul edir. Bu gün ictimaiyyət bizə lazımi qiyməti, dəyəri verir. Bu gün YAP GB-nə olan axın, Gənclər Birliyinin ölkədəki baş verən proseslərdə iştirakı ondan xəbər verir ki, biz üzərimizə düşən vəzifəni əlimizdən gəldiyi qədər edirik və edəcəyik. Axının çox olması isə ondan xəbər verir ki, Ulu Öndərin partiyasına, siyasi xəttinə dəstək verən insanlar kifayət qədərdir. Əgər haqlı tənqid varsa biz ona açığıq və onu qəbul edib, gələcəyə daha yeni uğurlarla irəliləmək üçün hər zaman hazırıq. YAP GB fəaliyyətini kiminsə xoşuna gəlmək üçün deyil, dövlətin milli maraqlarını, Azərbaycan Prezidentinin həyata keçirmiş olduğu siyasətə uyğun reallaşdırır. Bizim əsas amalımız, məqsədimiz məhz bundan ibarətdir.
- Yeri gəlmişkən, YAP GB sosial şəbəkələrdə öz fəaliyyətini necə qurub?
- YAP GB-nin üzvləri müasir gənclərdir. Onların böyük əksəriyyəti yəni 95 faizdən yuxarısı ali təhsilli, savadlı olan insanlardır. Təbii ki, onlar da ölkədə olan bu inkişafı, uğuru, əldə etdiyimiz nailiyyətləri, ictimai prosesləri yaxından izləyən insanlardır. Onlar bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr bölməsində ən aktiv gənclər qruplarından biridir. Həmin gənclər Azərbaycana qarşı haqsızlıq baş verdikdə və yaxud uğurlu günümüz, qələbəmiz, yeni nailiyyətlərimiz, cənab Prezidentin həyata keçirmiş olduğu islahalar, açılışlar olduqda və onu yaxından izləyirlər. Beləcə həmin məlumatların həm izlənməsində, həm də paylaşımlarında aktiv iştirak edirlər. Çalışırlar ki, bu uğurlardan hər kəsin məlumatı olsun. İstər bizim üzvümüz olan daxildəki gənclər və yaxud da üzvümüz olub xaricdə təhsil alan gənclər də bizlərlə eyni fikirdədirlər. Xüsusilə də "facebook" sosial şəbəkəsində gənclərimiz kifayət qədər aktivdirlər.
Ən böyük qruplardan biri olan "Qələbə" qrupu bizim gənclərimizin virtual məkanıdır. Eləcə də "tvitter" sosial şəbəkəsi ən məşhur şəbəkələrdən biridir. "Tvitter"də də gənclərimiz son vaxtlar böyük nailiyyətlər əldə ediblər. Onların xüsusi fəallığını Xocalı soyıqırımı ilə bağlı bağlı etmiş olduqları paylaşımlardan gördüm. Gənclər Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Xocalı soyıqırımı ilə bağlı o qədər paylaşımlar etmişdilər ki, soyqırımı sözü "tvitter"in top onluğuna daxil olmuşdu. Təbii ki, bu da Azərbaycan gəncliyinin və "Xocalıya Ədalət" kampaniyasının uğurlarından xəbər verir. Bununla belə, "instaqramda", "yotube"-da gənclərimiz çox aktiv iştirak edirlər.
- Ermənistan-Azərbaycan təmas xəttində təxribatlar baş verən an müxalifət gəncləri də dövlətimizə qarşı birlik nümayiş etdirdilər. Bu nəyin göstəricisi sayıla bilər?
- Əslində normal sivil cəmiyyətlərdə bu belə olmalıdır. Bu gün Qarabağ iqtidarın, yaxud müxalifətin problemi deyil. Qarabağ ümumilikdə Azərbaycanın problemidir. Biz xalqımızı, dövlətimizi müxalifətçi və iqtidarçı olub-olmamasına görə ayırmırıq. Biz həmişə demişik və indidə deyirik ki, müxalifətdə olmaq olar, amma dövlətin maraqlarına, milli maraqlarda müxalifətdə olmaq olmaz. Hər zaman qapımızı onlara açmışıq və demişik ki, ölkə başçısının həyata keçirmiş olduğu inkişaf strategiyasında sizlərdə iştirak edəsiniz. Lakin onların bəzi "liderləri" həmin gənclərin beyinlərini yuyaraq başqa yerlərə yönəltmək istəyirlər. Amma bugünkü həmin o məsələlərdə onların da vahid mövqedən iştirak etmələri göstərdi ki, Azərbaycan gəncliyi həqiqətən də dövlətimizin milli dayaqlarında, maraqlarında iştirak etməyə hazırdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB