Əli Həsənov: "Haqq-ədalət gec-tez öz yerini tutacaq"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov aprelin 5-də Küveytin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Səud Abdel Əziz əl-Roumi ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Baş nazirin müavini cənab Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, Küveytin beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı Küveytin ölkəmizdə fəaliyyət göstərən Beynəlxalq İslam Xeyriyyə Təşkilatı "Asiya Müsəlmanları Komitəsi" beynəlxalq humanitar təşkilatının ölkəmizdə həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını vurğulayıb.

Görüşdə Baş nazirin müavini Əli Həsənov Küveyt dövlətinə etdiyi rəsmi səfərləri xatırlamış, son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizminin olmamasından təəssüfləndiyini bildirmişdir. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları isə heç bir nəticə verməyib. O, həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Nə üçün BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmur? Görünür burada din amili də rol oynayır.Azərbaycan Prezidenti dünya ölkələrinin prezidentlərinin iştirak etdiyi beynəlxalq tədbirlərdə həmişə müsəlman-islam ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Əgər bu gün dünyadakı konflikt zonalarının xəritəsinə nəzər salsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir.Çox təəssüflər olsun ki, bəzi hallarda müsəlman ölkələrini də bir –birinə qarşı qoyurlar.

Görüşdə Əli Həsənov vurğulayıb ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir və bütün ölkələrlə əməkdaşlıq edir. Ancaq nə üçün bizim bu problem həll olunmur? Amma bilməlidirlər ki, haqq-ədalət gec-tez öz yerini tutacaq. Bu haqsızlığı törədənlər nə vaxtsa bununla rastlaşacaqlar.

Görüşdə Baş nazirin müavini deyib: "Son günlər ərazilərimizi işğal altında saxlayan işğalçı ermənistan ordusu təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir və bunun nəticəsində isə hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Onların bu cür təxribatçı hərəkətlərini bir sıra ölkələr və beynəlxalq təşkilatlar qəti şəkildə pisləyirlər.Hesab edirəm ki, beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə bağlı əməli, konkret işlər həyata keçirməlidir. Cənab Prezident Təhlükəsizlik Şurasının iclasında da bildirmişdir ki, aprelin 2-də təmas xəttində Ermənilərin təxribatçı hücumuna Azərbaycan ordusu layiqli cavab vermiş, böyük qələbə qazanmış və bundan sonrada düşmənin bütün təxribatları cavabsız qalmayacaqdır. Çünki Azərbaycan ordusu buna qadirdir. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Ermənistan bütün beynəlxalq normaları pozubdur.Cənab Prezident eyni zamanda bildirmişdi ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün".

Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən diplomat ölkələrimiz arasındakı iqtisadi münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Səfir eyni zamanda işğalçı Ermənistanın hücumları nəticəsində həlak olmuş insanlara görə təmsil etdiyi dövlət adından Azərbaycan xalqına başsağlığı vermiş, Ermənistanın təcavüzkar siyasətini qəti şəkildə pisləmiş və Küveyit dövlətinin hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, gələcəkdə də daha çox Küveyit iş adamlarını Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi və Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə