Fond Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə çağırır

Qırğızıstan Respublikasında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ermənistan Silahlı Qüvvələrinin təmas xətti boyunca Azərbaycanın dinc əhalisini ağır silahlardan intensiv atəşə tutması faktı ilə əlaqədar diplomatik korpuslara və beynəlxalq qurumlara bəyanat ünvanlayıb. SİA-nın məlumatına görə, bəyanatda Ermənistan ordusunun artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak olması və ciddi yaralanması, həmçinin, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulması barədə məlumat verilib.

"Son illər ərzində minaatan, iriçaplı pulemyot və artilleriyadan istifadə etməklə Azərbaycanın hərbi qulluqçuları, eləcə də mülki əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilən bu kimi zorakılıq və hərbi təxribatlar daha intensiv və aqressiv hal alıb. Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir"-deyə bəyanatda bildirilir.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına əsas səbəbdir və bu da regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir. Həmçinin, Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə