YAP gəncləri Ali Baş Komandanın əmrini gözləyir YENİLƏNİB - VİDEO

Əli Əhmədov: “Düşmən aldığı cavabı uzun müddət unutmayacaq”

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında "Gənclərdə milli-vətənpərvərlik ruhunun aşılanması" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-nın Sədr müavini, İcra katibi Əli Əhmədov, hakim Partiyanın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, sədrin müavinləri Samirə Quliyeva, Aytac Əliyeva və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ermənistan-Azərbaycan cəbhə xəttində həlak olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açıq elan edərək deyib ki, Azərbaycanın qısa bir zamanda müstəqillik qazanmasına baxmayaraq hazırda Avropa dövlətlərindən də üstün bir ordu yaradıb: "Beləcə, insanların orduya güvəni, inamı məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirmiş olduğu uğurlu siyasətin məntiqi nəticəsidir. Bu gün artıq bizlər qələbə duyğularını yaşamağa başlamışıq. Azərbaycanlı və bu ölkənin vətəndaşı olduğumuz üçün, eləcə də cənab Prezident İlham Əliyevin bir əsgəri olduğumuz üçün fəxr edirik və bununla qürur duyuruq. Bu gün biz Qarabağ bölgəsindəki gənclərimizlə əlaqə saxlayırıq. Bütün gənclərimiz Ali Baş Komandanın bir əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdırlar.

Bu gün Azərbaycanın orta yaşlı insanları, gəncləri hamısı vətənpərvərlik nümayiş etdirirlər, Vətən uğrunda döyüşməyə hazırdırlar. Yeni Azərbaycan Partiyasının gəncləri bu gün mülkü geyimdə əyləşsələr də, sabah dövlət başçısının bir əmri ilə hərbi paltarda səngərlərə getməyə hazırdırlar".

Daha sonra YAP Şuşa rayon təşkilatının fəalı Yapon Hacıyev, YAP Nərimanov rayon təşkilatının təmsilçisi Günay İmanova, YAP Zəngilan rayon təşkilatının fəalı Şənlik Əliyev, YAP Nəsimi rayon təşkilatının nümayəndəsi Nərgiz Məmmədova, YAP Yasamal rayon təşkilatının fəalı Cavanşir Yaşarlı çıxış edərək işğal altında olan torpaqlarımızı azad etməyə və düşməni öldürməyə və hətta şəhid olmağa hazır olduqlarını dilə gətiriblər.

Baş nazirin müavini, YAP-nın Sədr müavini, İcra katibi Əli Əhmədov isə bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün daim ayaqda olan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, 600 mindən çox Azərbaycan vətəndaşını birləşdirən digər bir ordusu da vardır ki, bu ordunun adı Yeni Azərbaycan Partiyasıdır: "YAP adlanan ordu təkcə ideoloji sahədə və cəbhədə deyil, həm də döyüş cəbhəsində öz üzərinə düşən vətəndaşlıq mövqeyini ifadə etməyə, vətəndaşlıq vəzifələrini yerinə yetirməyə hazırdır. Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, YAP-ın sıralarında olan gənclərimiz bu hisslər, duyğularla yaşayır. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gənclər bugünkü tribunadan səsləndirdikləri fikirləri daha ifadəli formada Ali Baş Komanda çatdıracaq və Azərbaycanın ərazisini işğaldan təmizləmək üçün hər bir vəzifəni yerinə yetirməyə hazır olduqlarını bəyan edəcəklər. Yəqin ki, bu məktublar, teleqramlar, müraciətlər bizim gənclərimizin adından Prezidentimizə çatdırılacaq.

Əlbəttə ki, ölkə başçısının ifadə etdiyi kimi Azərbaycan müharibə istəmir, amma işğal olunmuş torpaqlarını azad etmək fikrindən heç zaman daşınmayıb və daşınmayacaq. Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca, təbii ki, ölkəmizin vətəndaşları da sakit həyatları ilə yanaşı, eyni zamanda o torpaqları azad etməyə həmişə hazır olduqları fikrini ifadə edəcəklər. Çox qürurlu haldır ki, Azərbaycan ordusu öz üzərində düşən vəzifəni yerinə yetirməyə qadir olduğunu bu günlərdə göstərib".

Baş nazirin müavini qeyd edib ki, düşmənin təxribatına Azərbaycan Ordusu və əsgəri layiqli cavabını verib: "Güman edirəm ki, düşmən aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Biz cəbhədə həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına başsağlığı veririk. Cavan insanların həlak olması bizi kədərləndirir. Onların hər biri Azərbaycan vətəndaşıdır və bir atanın-ananın övladıdır. Təbii ki, insanın həyatdan köçməsi, həlak olması böyük faciədir. Amma Vətən, torpaq uğrunda insanın həlak olması isə böyük bir məna kəsb edir. Çox gözəl haldır ki, Azərbaycan vətəndaşları şəhidlik zirvəsində yüksəlməyi özlərinin təkcə bu həyatda deyil, bütövlükdə mövcudluğunun ən yüksək ifadəsi hesab edirik. Yəqin ki, şəhid verməyi bacaran xalqı heç zaman yenmək olmaz. Azərbaycan isə şəhid verməyi bacardığını dəfələrlə sübut edib".

Çıxışlardan sonra tədbirə diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...