Deputat: "Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır" ŞƏRH

Deputat: "Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır" ŞƏRH

"Qlobal Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır. Onun əhəmiyyəti həm nüfuzlu iştirakçı heyəti, həm də müzakirə edilən məsələlərin aktuallığı ilə təsdiq edilir". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda keçirilən IV Qlobal Forumun əhəmiyyətini şərh edərkən deyib.

Deputat bildirib ki, Forum Azərbaycan üçün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsini və dünyanın gələcək düzənini təhdid edən separatizmin ehtiva etdiyi təhlükələri bütün dünyaya bir daha xatırlatmaq üçün gözəl bir vasitədir: "Fikrimcə bu aspektdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində beynəlxalq təşkilatları işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən norma və qərarların yerinə yetirilməsinə imkan verən yeni həll mexanizmlərinin hazırlanmasının "vacibliyini vurğulaması ən mühüm məqamdır. Diqqətəlayiqdir ki, Bolqarıstan Prezidenti Rosen Plevneliyev də öz nitqində bu məqama diqqət çəkdi. O qeyd etdi ki, həll olunmamış münaqişələr bütün dünya üçün qlobal təhdid yaradır. Avropadakı miqrasiya böhranı fonunda getdikcə hiss edilir ki, avropalı siyasətçilər "dondurulmuş" münaqişələri birmənalı olaraq gələcək dünya düzəninə təhdid kimi dəyərləndirirlər. Dövlətin ərazi bütövlüyü prinsipinə riayət edilməsinin və mövcud sərhədlərin toxunulmazlığının əhəmiyyəti burada üzə çıxır – bu elə üzərində dünya düzəninin qurulmalı olduğu təməldir".

Kamran Nəbizadə bütövlükdə Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqun aparılması və bəşəriyyətin bir sıra qlobal problemlərinin həllinə yeni yanaşmaların tapılması üçün gözəl beynəlxalq platforma olduğunu diqqətə çatdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə