"Son vaxtlar rəsmi Bakının qonaqlarının çeşidinə və ranqına baxanda görmək mümkün idi ki, bu, ətrafımızda olan bəzi qüvvələri ciddi narahat edir. Elə buna görə də cəbhə xəttində baş verənlər proqnozlaşdırılan idi". Bu fikirləri SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov son günlər cəbhədə baş verən hadisələr barədə açıqlama verərkən deyib.
Ekspert bildirib ki, Azərbaycanın artan nüfuzu düşmənlərimizdə qısqanclıq, paxıllıq hisləri oyadır: "NATO-nun bir neçə vəzifəli şəxsinin ölkəmizə gəlməsi, IV Qlobal Bakı Forumunun keçirilməsi, Rusiya hökumətinin rəsmilərinin ard-arda paytaxtımıza gəlişi və digər hadisələr olduqca əhəmiyyətlidir. Bütün bunlar fonunda Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyanın artıq neçənci dəfə Moskvaya təcili səfərləri onu deməyə əsas verirdi ki, cəbhədə vəziyyət bilərəkdən gərginləşdiriləcək. Artıq baş verənlər də bizim təxminlərimizin doğru olmasını bir daha təsdiq edir".
Üzeyir Cəfərov xüsusilə vurğulayıb ki, biz mart ayı ərzində cəbhə bölgəsində daha şiddətli atışmaların və hətta lokal toqquşmaların şahidi ola bilərik: "Silahlı Qüvvələrimizin komandanlığının bunu ciddi nəzərə alması vacibdır. Düşmən öz ağılsızlığı ucbatından çox ciddi itkilər verir və hələ də ağlını başına yığmır ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Ən müasir silah və sursat, hazırlıqlı şəxsi heyət və digər amillər cəhətdən xeyli üstünük. Bütün bunlar işğalçıya aydın şəkildə çatmalıdır ki, biz gec-tez öz ərazi bütövlüyümüzü tam təmin etməkdə israrlıyıq və bunu mütləq edəcəyik. İndi ermənilər ilk dəfə özləri də etiraf edirlər ki, onlar Azərbaycan Silahlı Qüvvələrinin təkcə Ağdam istiqamətində 1994-cü ildən bu yana belə güclü zərbələri ilə üzləşməyiblər. Hesab edirəm ki, biz öz qətiyyətli addımlarımızı daha da artırmalıyıq ki, düşmən də, havadarları da başa düşsünlər ki, Qarabağ məsələsinin həlli gecikdirilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB