Bu gün Xocalı faciəsinin 24-cü ildönümüdür. Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 336-cı motoatıcı alayi ilə birgə Xocalı şəhərinin işğalı zamanı təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı baş verən soyqırımıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb.
24 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu günü unutmur. SİA-nın xəbərinə görə, səhər saatlarından başlayaraq minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət etməyə gəlir, onların ruhuna dualar oxunur.

Afina Quliyeva: "Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, biz elə bilirik ki, həmin gün bu gündür. Bu dəhşət heç vaxt yadımızdan çıxmayacaq. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini 4 tərəfdən əhatə edərək hücuma keçən azğınlaşmış erməni daşnakları şəhəri yandırmağa, talan etməyə başladılar. Naəlac qalmış dinc əhali özünü Xocalının meşəsinə ataraq oradan çıxmaq üçün yol axtarmağa başladı. Ermənilər xocalılılar üçün həmin meşədə Qaraqaya deyilən yerdə pusqu qurmuşdular. Mən ora Qaraqaya deyil, "qanlı qaya" deyirəm. Ona görə ki, biz xocalılıların qarşısını həmin yerdə kəsdilər, bizə divan tutdular. Körpələrin başını kəsir, hamilə qadınların qarnından körpələri çıxarıb tikə-tikə doğrayırdılar.
Qocalarımızın, oğullarımızın başına min cür bəlalar gətirirdilər. Ağ qarın üzərində qırmızı qan cığır salmışdı. Həmin gün sanki təbiət də qan ağlayırdı. Mən həmin faciə zamanı həyat yoldaşımı itirmişəm. Mən və mənim kimi bir çoxları bu qanlı faciənin şahidləri olmuşuq. Ona görə də, biz bu gün hər il fevral ayının 26-sı deyil, hər gün, hər an xatırlayırıq".

Validə Musayeva: " Xocalı soyqırımı ən dəhşətli faciələrdən biridir. Hər ilin fevral ayının 26-da bu gün yüksək şəkildə anılır, Xocalı ilə bağlı həm ölkəmizdə, həm də digər ölkələrdə müxtəlif tədbirlər keçirilir. Xocalı faciəsi bir çox ölkələr tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı zamanı misli görülməyən hadisələr baş verdi. Bütün camaat meşələrə qaçırdı. Ana baladan, bala anadan ayrı düşmüşdü. Kimisinin dirisinə, kimisin isə ölüsünə işgəncə verirdilər. Bu elə bir faciədir ki, onu danışmaqla bitməz. Bundan qisas almağın əsas yolu torpaqlarımızın işğaldan azad olunmasıdır.
Arzu edərdim ki, Azərbaycan xalqı heç bir zaman bu cür faciə yaşamasın, hər zaman ölkəmizdə sülh və əmin-amanlıq olsun. Bizim ən böyük problemimiz torpaqlarımızın işğaldan azad olunmasıdır və inanırıq ki, tezliklə bu problem də öz həllini tapacaq".

Teymur Məmmədov: "Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq əfsuslar olsun ki, dünyada baş verən hadisələr, ikili standartlar hələ də Xocalı soyqırımına hüquqi qiymətin verilməsini çətinləşdirir. Amma yenə də ümidimizi üzmürük. İnanırıq ki, nə vaxtsa haqq-ədalət öz yerini tapacaq".
Qeyd edək ki, "Ana harayı" abidəsinə ziyarət axşam saat 20:00-a qədər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB