"Azərbaycanda tarixən müxtəlif dinlər arasında tolerantlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq mühiti mövcud olub. Təsəvvür edin ki, yəhudilərin uzun zaman Azərbaycanda yaşamağına baxmayaraq bir yəhudi belə dini və etnik zəmində zorakılığa məruz qalmayıb". Bu fikirləri SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini ölkəmizdə tolerantlığın yüksək səviyyədə qorunub saxlandığına dair digər bir nümunə də göstərərək bildirib ki, xristianlıq Azərbaycanda birinci əsrdən yayılmağa başlayıb və Şəki ərazisində yerləşən, dünyada ən qədim xristian məbədlərindən olan Kiş məbədi "Qafqazda kilsələrin anası" adlandırılır: "Böyük Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyev yazırdı ki, İslam yayıldıqdan sonra bu ərazilərdə xristianlar yaşamır, amma müsəlman yerli əhali Kiş məbədini qoruyub saxlayır. Azərbaycanda təkcə dinlərarasında deyil, məzhəblərarası münasibətlərdə də həmişə tolerantlıq, birlik və qardaşlıq prinsipləri hakim olub. Hansısa tarixi dövrdə ölkəmizdə məzhəb zəminində qarşıdurma baş verməyib. Əksinə, məzhəblər arasındakı qardaşlıq münasibətlərinə görə Azərbaycan həmişə nümunə kimi dünyaya göstərilib. Heydər məscidində vəhdət namazlarının qılınması bu həqiqəti bir daha təsdiqlədi. Məlum oldu ki, Azərbaycan tarixi ənənələri hazırda daha yüksək, hətta deyərdim ki, ideal formada davam etdirir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev məzhəblərüstü siyasət yürüdür və bu siyasət İslamın birliyinə, vəhdətinə xidmət edir. Əslində, bu, İslama terror və müsəlmanlara da terrorçu deyənlərə dinimizin sülh, qardaşlıq dini olmasını təsdiqləyən ən gözəl cavabdır".
Gündüz İsmayılov həmçinin Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsinə də münasibət bildirib. O qeyd edib ki, bu ildə belə bir nümunənin göstərilməsi təsadüfi deyildir: "Əminəm ki, Azərbaycanın bu nümunəsinə və Heydər məscidinin bu təşəbbüsünə digər müsəlman ölkələri də qoşulacaq. Bu gün məzhəbçilik və ayrı-seçkilikdən əziyyət çəkən İslam dünyasının buna böyük ehtiyacı var".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB