20 Yanvar şəhidləri Azərbaycan Universitetində anıldı YENİLƏNİB - VİDEO
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na uyğun olaraq respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda anım tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Universiteti və SƏS Media Qrupun birgə təşkilatçılığı ilə "20 Yanvar şəhidlərinin anım günü" mövzusunda tədbir keçirilib.
Tədbirdə Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, Azərbaycan Universitetinin rektoru, hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, universitetin tələbə və müəllim heyəti, ziyalılar, KİV nümayəndələri iştirak edib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Universitetinini sifarişi ilə SƏS TV-nin hazırladığı film nümayiş etdirilib.
Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına yazılmış qəhrəmanlıq səlnaməsidir. O, 26 il öncə Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş yanvar gecəsində yaşanılan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladıb. Aparat rəhbəri 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə olmaqla yanaşı, bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd edib: "Bu, uzun illər sovet imperiyası əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix Azərbaycan xalqı üçün növbəti imtahan idi".
Azərbaycan Universitetinin ictimai-elmlər kafedrasının müdiri Yaşar Əhmədov Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq bildirib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq.
O, 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet İmperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb.
Azərbaycan Universitetinin rektoru, hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov isə çıxışında qeyd edib ki, hər il ali məktəbdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. 20 Yanvar faciəsində qanlar axıdıldığını, çoxlu sayda insanların həlak olduğunu deyən rektor bu tarixin müstəqillik, azadlıq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində mübarizə günü olduğunu bildirib.
Rektor 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacağını bildirib.
SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək bu hadisələrə biganə qalmayan Ümummilli lider Heydər Əliyevin hadisənin növbəti günü Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz etdiyini sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırdığını deyib. Qurum rəhbəri 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləyib.
Qurum rəhbəri əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının coşqun mübarizə əzmini nümayiş etdirən hadisədir.
Daha sonra Fəlsəfə və Hüquq İnstitutu direktorunun müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.
Tədbir diskussiya şəklində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB