“Qərblə ABŞ-ın insan hüquq və azadlıqlarına yanaşması obyektiv deyil” MÜNASİBƏT
"İnsan hüquq və azadlıqları bəşəri dəyərlərdir. Bunlar şəxsi məqsədlərin realizəsi üçün alətə çevrildiyi zaman bəşəriliyini itirir". Bu fikirləri SİA-ya gənc hüquqşünas Təbriz Raufoğlu Avropanın bəzi ölkələrinin və ABŞ-ın hər imkanda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması barədə hazırladığı təhrif olunmuş hesabatlara, ondan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son zamanlar artıq haqqında danışdığımız dəyərlər siyasi təsir mexanizminə, hədəyə, "mədəni" basqı vasitəsinə çevrilib: "Bu basqının bir ucu Avropa İttifaqındadır, digəri də məlum olduğu kimi ABŞ-da. Dolayısı ilə, inkar edilməzdir ki, "insan hüquq və azadlıqlarının keşikçisi" statusunu obrazlı ifadə etsək Qərb dairələri, daha konkret Avropa İttifaqı və ABŞ "monopoliyaya" alıb. Baxmayaraq ki, ABŞ hələ də bu sahəylə bilavasitə əlaqədar bir çox beynəlxalq Konvensiyalara qoşulmayıb, amma hal-hazırda dünyada mövcud olan və sırf insan hüquq və azadlıqları ilə bağlı iş aparan əksər beynəlxalq təşkilatlar, həmçinin onların rəhbərləri məhz Qərb, xüsusən ABŞ "şinelindən" çıxmış insanlardır. Bu qəbildən olan insanlar arasında Dövlət departamentindən, Konqresden, Avropa Parlamentindən "təqaüdə göndərilmiş" şəxslər çoxluq təşkil edir. Biz araşdırmalarımız zamanı bu faktları üzə çıxarırıq, məlumatlı oluruq, amma ən azından bu dairələr də baş verən proseslərə eyni rakursdan, obyektiv səpkidən yanaşmalıdır ki, onların "ədalətinə", insan hüquqlarına olan münasibətinə inam formalaşsın. Sən konkret ölkələri insan haqlarını pozmaqda ittiham edib, özün irqi ayrı-seçkilik içərisində itib batacaqsansa, Suriyadan, Yaxın Şərqdə mövcud savaşın qurbanına çevrilmiş digər ölkələrdən didərgin düşmüş insanları öz elan etdiyin prinsipləri tapdalayaraq alçaldılmış rəftara məruz qoyacaqsansa heç kim sənin səmimiyyətinə, obyektiv yanaşma ortaya qoyduğuna inanmaz. Hal-hazırda Qərb dairələrinin mövqeyi, insan hüquq və azadlıqlarına yanaşma fəlsəfəsi bundan ibarətdir".
"Mən sual edirəm, niyə Amnesty İnternational, Human Rights Watch, eyni zamanda Helsinki Komissiyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının müdafiəsinə qalxmır?! Ona görə ki, bu şəxslərin azadlıqlarının əlindən alınması qanunidir?! Yox, sadəcə öz maraqları aspektindən heç bir əhəmiyyət kəsb etmədiyinə görə vaxtlarını "sərf etmək" istəmirlər. Bundan əlavə özəlliklə qeyd etmək yerinə düşər ki, illərdir Dağlıq Qarabağ münaqişəsində qəbul olunmuş beynəlxalq aktlara rəğmən heç bir radikal sanksiya tədbirinə əl atmağı ağzına belə almayan ABŞ konqresmenlərinin Azərbaycanla bağlı hər hansı radikal qanun layihəsi hazırlamağa nə mənəvi, nə də hüquqi haqqı çatır. Bu açıq hədədir, şantajın "hüquqi" formasıdır. Dövlətlərlə hədə replikasıyla danışmaq beynəlxalq hüququn sərhədlərini nəinki aşır, hətta əzib keçir. Heç bir ölkə ideal deyil və hər hansı şəkildə istənilən ölkədə neqativ hallar var. Onların həlli yolunu özgələrdə deyil daxildə axtarsaq daha yaxşı olar. Ölkə daxilində neqativ hallar varsa belə ölkə içərisində də həll olunmalıdır. Hansı ki, bu halların müxtəlif siyasi çevrələr tərəfindən "silah"a çevrilib dövlətə qarşı istifadəsinə yol vermək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB