“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabı təqdim olundu YENİLƏNİB
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatını keçirib. SİA-nın məlumatına görə, təqdimat mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, dini konfessiyaların rəhbərləri və təmsilçiləri, dini icmalar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri komitə sədri Mübariz Qurbanlı açaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tolerantlıq siyasəti barədə danışıb: "DQİDK tərəfindən nəşr edilmiş "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabında Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamları, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərləri, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə ünvanladığı təbrikləri toplanıb".
M.Qurbanlı bildirib ki, belə bir toplunun çap olunması ayrı-ayrı dini icmalar, mütəxəssislər, tədqiqatçılar, tələbələr tərəfindən istifadə edilə bilər: "Bu kitabın çap olunmasında əsas məqsəd Prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə əlaqədar həyata keçirdiyi siyasət, o cümlədən söylədiyi fikirlər ictimaiyyətə, xüsusilə dini icmalara, konfessiyalara daha geniş şəkildə çatdırılmasıdır".
Təqdimat mərasimində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı deyib ki, QMİ hər zaman DQİDK ilə birgə çox fəal, səmərəli fəaliyyət göstərməkdədir: "Son illərdə bu fəaliyyət daha da genişlənib və müsbət bir şəkildə inkişaf etməyə başlayıb. Bu kitabların bizim din cəmiyyətlər, konfessiyalar üçün əhəmiyyəti olduqca böyükdür. Biz öz mətbu xidmətlərimiz sahəsindəki fəaliyyətimizdə dövlət rəhbərinin dini fikirlərini, dini məsələlər barədə öz münasibətlərini, sözlərini, ifadələrini doğru-düzgün çatdırmağa səy göstəririk. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başladığı dönəmdən cənab Prezident İlham Əliyevin bugünkü fəaliyyətinə qədər onun dinə olan münasibəti özəl tədqiqat sahəsi kimi araşdırıla bilər".
Daha sonra Bakı şəhəri Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Provaslav Kiləsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Mərasimə diskussiya şəklində yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB