"Münaqişənin həlli Ermənistan qoşunlarının çıxarılması ilə başlamalıdır"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlamalıdır". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci görüşündə deyib.
E.Məmmədyarov qeyd edib ki, ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqda davam edir: "Təəssüflə qeyd etməliyəm ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlər dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışıqlara başlanılmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır".
Nazir vurğulayıb ki, təcavüzkar və təcavüzün qurbanı olan tərəfə "tarazlı" və fərq qoyulmadan yanaşma heç vaxt arzulanan nəticəni verməyəcək: "Təcavüzkarın məmnun edilməsi onu yalnız daha da həvəsləndirir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvərlərin istismarı və ticarətini qeyd etməliyəm. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir".
E.Məmmədyarov deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxt gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amildir: "Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1193) saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır".
Xarici işlər naziri bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması, həmçinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək, Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar aça bilər: "Bu, həmçinin zorla öz evlərindən didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq".
E.Məmmədyarov vurğulayıb ki, bu baxımdan, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, digər Minsk qrupu həmsədrləri tərəfindən dəstəklənmiş ideyalar sülh danışıqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər.
XİN başçısı çıxışı zamanı söyləyib ki, ATƏT-in təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub.
Nazir qeyd edib ki, builki Nazirlər Şurası sülh və təhlükəsizliyə ciddi təhdidlərin baş verdiyi bir dövrə təsadüf edir: "Türkiyə və Fransada törədilmiş son terror aktları, iştirakçı dövlətlərin ərazilərinin hərbi işğalı və daimi məcburi köçkün və qaçqınlar böhranı təhlükəsizliyimizə təhdid olmaqda davam edir. Yekun Aktın 40 illiyini qeyd etdiyimiz bir zamanda ATƏT-in fəaliyyətinin gücləndirilməsi üçün ATƏT-in prinsiplərinin bir daha təsdiq edilməsindən daha çox, iştirakçı dövlətlərin öhdəliklərə əməl etməsini təmin edəcək praktik ölçülərin müəyyənləşdirilməsinə ehtiyac olması barədə ümumi yanaşma var. Fikrimizcə, bəzilərinin bəyan etdiyinin əksinə olaraq, prinsiplər arasında hər hansı ziddiyyət və ya daxili münaqişə yoxdur. Yekun Aktın tərtib edilməsi tarixinə nəzər salsaq, Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi, iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olmuşdur. Bu, Yekun Aktın əsas gücü olmaqda da davam edir".
E.Məmmədyarov bildirib ki, hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub: "İnsan hüquqları ölçüsünün təzyiq aləti kimi yanlış istifadəsinə cəhdlər ATƏT daxilində etimad böhranını yalnız dərinləşdirib. Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkarı onların müqabil olmasını sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edirsə, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır".
Xarici işlər naziri bu kontekstdə, diqqəti iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun imtinası nəticəsində yaranmış spesifik vəziyyətə çəkib: "ATƏT-in qurumu tərəfindən mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bununla əlaqədar, əminik ki, bu vəziyyət araşdırılmalı və bu kimi insidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir. Mən Nazirlər Şurasını nümayəndəliyimiz tərəfindən irəli sürülmüş təklifi əsaslı nəzərdən keçirməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB