"Beynəlxalq vəziyyəti qarışdıran dövlətlər cəzalarını çəkəcəklər" AÇIQLAMA
"Dünyadakı bütün zülmlər və haqsızlıqlar bumeranq kimidir və bir gün bu haqsızlıq qayıdıb onu edənlərin öz başına gələ bilər". Bu sözləri SİA-ya siyasi xadim Sabir Rüstəmxanlı Fransada baş verən terror hadisələrinə münasibət bildirərkən deyib.
S. Rüstəmxanlı baş verənləri insanlığa yaraşmayan bir vəhşilik kimi qiymətləndirib və terroru hamı kimi pislədiyini bildirib: "Avropa ölkələrinin islam dünyasında apardığı siyasət, islam aləminə etdiyi zülmlər, Əfqanıstanda, Suriyada, Şimali Afrika ölkələrində törətdiyi əməllər, demokratiya adı altında islam dünyasını bölmələri, bu ölkələrin təbii sərvətlərini və tarixi abidələrini ələ keçirmələri cavabsız qala bilməz. Onlar Şərqi istədikləri kimi bölüblər, buradakı millətləri biri-birinə qarşı qoyurlar. Avropa bilməli idi ki, bütün bunların bir ucu onlara da qayıdıb dəyəcək".
Siyasi xadim qeyd edib ki, Fransa həmsədr ölkə olaraq neçə ildir ki, Dağlıq Qarabağda törədilən hadisələrə, eləcə də Xocalı soyqırımına göz yumur: "Düşünürəm ki, İŞİD-in yaramasında Qərbin iştirakı var. Elə məhz Türkiyədə terror aktları törədən PKK-nın da arxasında Avropa ölkələri dayanıb. Anti-insani nə varsa hamısı Avropanın qucağından çıxır. Beynəlxalq vəziyyəti qarışdıran, millətləri öz mənafeyinə uyğun şəkildə günahlandıran dövlətlər cəzalarını çəkəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB