Politoloq: "Rəsul Quliyev unudulmuş siyasi fiqurdur" AÇIQLAMA

"Rəsul Quliyev və Etibar Məmmədovun aktiv siyasətə qayıtması nə dağıdıcı müxalifət düşərgəsinə, nə də ki onların özünə yaxşı heç nə verməyəcək. Hər iki şəxs çağdaş Azərbaycanda gedən siyasi proseslərə transformasiya etmək imkanında deyillər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

"Rəsul Quliyev, adı müxtəlif qalmaqallarda, rüşvətxorluqda hallanan və Azərbaycan xalqı qarşısında müsbət xidmətləri olmayan unudulmuş bir siyasi fiqurdur", - deyə politoloq bildirib.

E.Mirzəbəyli deyib ki, Rəsul Quliyev uzun illər Azərbaycanın əleyhinə fəaliyyət göstərən şəxs olub: "Müxtəlif dövrlərdə fərqli mövqelər sərgiləyən, bəyanatları bir-birindən köklü surətdə fərqlənən bu insan "əlverişli" məqam tapan kimi ölkədə qarşıdurmalar yaratmağa cəhd göstərmişdir".

Elçin Mirzəbəylinin sözlərinə görə, Etibar Məmmədov isə bəlli bir zaman kəsiyindən sonra siyasətdən çəkilmiş və Azərbaycanda gedən proseslərə aktiv müdaxilə etməyən şəxsdir: "Onun Azərbaycan milli-azadlıq hərəkatında xidmətləri olub amma o, bunu öz siyasi karyerasına xərcləyib".

Politoloq fikirlərini belə tamamlayıb: "Düşünürəm ki, hər iki şəxs elə öz yerlərində qalsalar daha yaxşıdır. Hazırda gedən mövcud siyasi proseslər də bunun qeyri-real olduğunu göstərir."

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə