"Qaba "müəllim" rolunu oynamağa cəhd edən ATƏT-in bəzi rəhbərləri anlamalıdırlar ki, Azərbaycan onlar üçün "şagird" deyil". Bu sözləri SİA-ya açıqlamasında professor, millət vəkili Musa Qasımlı deyib.
O bildirib ki, ölkəmizdə seçkilər Azərbaycan Respublikası dövlətinin qanunlarına və beynəlxalq normalara uyğun olaraq azad, ədalətli, demokratik, şəffaf keçirildi və Azərbaycan xalqının iradəsini ifadə etdi: "Bu, irəliyə doğru bir addım oldu. ATƏT-in seçkilərə dair tutduğu mövqe isə kobud, səhv və qərəzlidir. Belə bir mövqe demokratiya prinsipləri ilə daban-dabana ziddir. Açıq söyləmək lazımdır ki, insanların ATƏT-ə heç bir inamı qalmayıb. Çünki ATƏT Ermənistanın ölkəmizə qarşı təcavüzünü aradan qaldırmaq üçün yaradılmış Minsk qrupunun "fəaliyyəti" ilə özünü gözdən düşürüb, haqq-ədalətə olan inamı sarsıdıb. Qaba "müəllim" rolunu oynamağa cəhd edən bu qurumun bəzi rəhbərləri anlamalıdırlar ki, Azərbaycan onlar üçün "şagird" deyil. Demokratiya Azərbaycan xalqı və dövlətinin könüllü seçdiyi inkişaf yoludur. Azərbaycana yanlış "dərs" vermək təşəbbüsləri əvvəlcədən uğursuzluğa məhkumdur".
Musa Qasımlı vurğulayıb ki, ATƏT-in heç bir beynəlxalq təşkilata, o cümlədən AŞPA-ya təzyiq etmək üçün mənəvi və beynəlxalq hüquqi haqqı yoxdur: "Çünki ATƏT və AŞPA ayrı-ayrı müstəqil təşkilatlardır. Belə bir cəhd ATƏT-in öz səlahiyyətlərini aşması deməkdir və demokratiyaya tamamilə ziddir. ATƏT-in AŞPA-dan özü kimi eyni səhv mövqedə olmasını tələb etməsi demokratiyanın tələblərinin, təşkilatın nizamnaməsinin kobud surətdə pozulmasıdır, AŞPA-ya daxil olan bir çox ölkə və deputatların alçaldılması cəhdidir. Düzgün olmayan mövqe tutanlar bilməlidirlər ki, ən yaxşı yol təzyiqlər deyil, əməkdaşlıqdır. Azərbaycan ilə əməkdaşlıq etmək ATƏT üçün də faydalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB