“Avropa səbəb olduğu miqrasiya qurbanlarını sərt diskriminasiyaya məruz qoyur” MÜNASİBƏT

“Avropa səbəb olduğu miqrasiya qurbanlarını sərt diskriminasiyaya məruz qoyur” MÜNASİBƏT

"Bir sıra Avropa dövlətlərinin, o cümlədən, Qərbin "xristian klubu" olan təşkilatlarının dini, irqi ayrı-seçkiliyə yönəlmiş siyasətinin ağır nəticələri bu gün özünü daha aydın göstərir. Almaniyada, Fransada, Belçikada, İngiltərədə və digər Avropa ölkələrində müsəlman ailələrinə qarşı baş verən zorakılıq faktlarının beynəlxalq xəbər agentliklərinin manşetlərində tez-tez əksini tapması problemin gedərək daha da dərinləşdiyindən xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi Sahibə Qafarova deyib.

Millət vəkili qeyd edib ki, Avropa ölkələrində aparılan sorğulardan da bütün bunlar aydın görünür: "Belə ki, İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət hökm sürür. Bu yaşananları müşahidə etdikcə, xristian təəssübkeşliyi, müsəlmanlara qarşı təhqiredici münasibəti gördükcə Azərbaycan ictimaiyyətində də haqlı suallar meydana gəlir. Biz Avropa struktularından ədalət gözləyəkmi? Azərbaycan müstəqilliyinin ilk vaxtından arzulamadığı münaqişəyə cəlb olunub. Ermənistan dövlətinin işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1994-cü ildə start verilən danışıqlar isə ötən 21 ildə heç bir nəticə verməyib. Bunun da başlıca səbəblərindən biri də bəzi Qərb dairələrinin münaqişənin həllinə ədalətsiz münasibətidir. Oxşar məsələlərdə dərhal və ən sərt tədbirlər görən Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki hansısa effektiv tədbirlər görməyə tələsmir, əksinə, "nə hərb, nə sülh" şəraitinin davam etməsini təşviq edir. Misal olaraq göstərə bilərik ki, Ukraynada Krımın ilhaqı ilə nəticələnin proseslərin sonunda Avropa dövlətləri, o cümlədən, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları gündəmə gətirdilər, Moskvanın beynəlxalq təcridinə başladılar. Amma işğalçı Ermənistan dövləti ötən 21 ildə Avropanın maddi və mənəvi dəstəyi ilə ayaqda qalıb, Dağlıq Qarabağda yaradılmış separatçı qurumun rəhbəri Avropa dövlətlərinə səfərə dəvət olunur. Bəzən işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana münasibətdə bərabərliyin də şahidi oluruq. Bunun səbəblərindən biri Avropadakı erməni diasporunun və onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən siyasətçilərin aktivliyidirsə, digər və daha əhəmiyyətli səbəb məhz dini - xristian təəssübkeşliyidir. Ona görə də, bu gün cəmiyyətimizin Avropanın ədalətini mühakimə etməsinin nə dərəcə də haqlı olduğunu görmüş olarıq".

Sahibə Qafarova əlavə edib ki, Avropa özünün səbəb olduğu bu miqrasiyanın qurbanlarını nəinki "xoş qonaq" kimi qarşılamır, hətta onları ən sərt diskriminasiyaya məruz qoyur: "Bir sıra Avropa dövlətlərinin xüsusən Yaxın Şərqdən gələn miqrantlara qarşı tətbiq etdiyi "qayda-qanun"lar Avropanın öz günahlarının nəticələri ilə barışmaq istəmədiyini göstərir. Müharibənin alovundan qaçan miqrantlar Avropa qapılarında həm də avropalılar tərəfindən ölümün caynağına tərk edilirlər. Bu isə humanizm dəyərlərindən, insan haqlarından danışan Avropanın özündə bu dəyərlərin heç bir qiyməti olmadığını, insanların yaşamaq haqqının belə əlindən alındığını ortaya qoyur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə