Fəaliyyətini Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə əsasən formalaşdıran YAP Yasamal rayon təşkilatının üzv və fəalları parlament seçkilərinə demokratiyanın tələblərinə uyğun, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara müvafiq hazırlaşırlar.
Seçkilərə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının paytaxtda və bölgələrdə keçirilən müşavirələrində söylənilənləri nəzərə alaraq fəaliyyət istiqamətlərini müəyyənləşdirən təşkilatın üzvləri ikiqat əzmlə çalışırlar. Siyasi kampaniyalara hazırlığın vəziyyəti ilə əlaqədar geniş müzakirələr təşkil olunur, tövsiyələr bildirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Paytaxtda, partiyanın digər rayon təşkilatlarının üzvlərinin iştirakı ilə keçirilən müşavirələrdə tövsiyələrini bildirən YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun vurğuladığı kimi, rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. "Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində uğur qazanması üçün obyektiv şərtlər mövcuddur" söyləyən Əli Əhmədov bildirib ki, iqtidar patiyasının uğur qazanmasını şərtləndirən amil onun xalqla birliyi, həmrəyliyidir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında da seçkilərə hazırlıq qarşıya qoyulan vəzifələr və diqqətə çatdırılan tövsiyələr əsasında davam etdirilir. Seçkilərlə əlaqədar keçirilən iclaslarda hər gün üçün müəyyənləşdirilən vəzifələr dəqiqləşdirilir, partiya fəallarına tapşırıqlar verilir.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov keçirilən toplantıda bildirdi ki, bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərdə sınanmış seçki texnologiyasından istifadə edərək qələbəsini təkrarlamaq əzmindədir. Parlament seçkiləri ilə əlaqədar yaradılan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsinin sədri kimi də hazırlıq işlərinin demokratik şərtlərə uyğun aparıldığını vurğulayan Tağı Əhmədov bildirdi ki, 26 nəfərdən ibarət rayon şöbəsinin üzvləri, imzatoplama mərhələsində iştirak edəcək 30 nəfərlə söhbətlər aparır, parlament seçkilərinin ölkənin siyasi həyatındakı mühüm rolu və əhəmiyyəti reallıqlara əsasən açıqlanır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün fəallar hazırlıq işlərinə cəlb olunub. Hazırlıqda əsas şərtlərdən biri də üzvlərin və fəalların fəaliyyətini koordinasiya etməkdir. İlk təşkilatlarda da Yeni Azərbaycan Partiyasının qələbəsi naminə ciddi hazırlıq görülür. Seçki məntəqələrində fəaliyyət göstərəcək müşahidəçilərə lazımi təlimatlar verilir.
Tağı Əhmədov seçkilərə hazırlığın ilkin şərti, eyni zamanda böyük məsuliyyət tələb edən imzatoplama kampaniyasının aparılması prosedurundan da söz açdı. Fikrini "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə Seçki Komissiyasının təqdim edilməsi qaydaları haqqında Təlimat" əsasında izah edərək vurğuladı ki, bu iş üçün ayrılan partiya üzvləri xüsusilə diqqətli olmalı, onlara etibar olunan prosesdə demokratik şərtlərə, dəqiqliyə diqqət yetirməlidirlər. Deputatlığa namizədin müdafiəsi üçün imza toplanmasının könüllülük əsasında aparılmasını diqqətə çatdıran T.Əhmədov qaydalara əməl olunmasını hazırlığın vacib şərti adlandırmaqla ciddi məsuliyyət tələb etdiyini də bildirdi.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsi üzvlərinin söylədiklərindən də aydın oldu ki, partiyanın rayon təşkilatı parlament seçkilərində qələbə naminə üzərilərinə düşən vəzifələri tələb olunan səviyyədə yerinə yetirəcəklər.
Yasamal rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Rasim Nəbiyev:"Ölkəmiz mühüm və əlamətdar hadisə ərəfəsindədir. Parlament seçkilərinin respublikanın ictimai-siyasi həyatındakı rolunu dərindən dərk edən sağlam düşüncəli hər bir vətəndaş Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanması üçün bu siyasi kampaniyada fəal iştirak etməli və mövqeyini bildirməlidir. Xalq kimə etimad göstərəcəyini əvvəlki siyasi kampaniyalarda olduğu kimi, parlament seçkilərində də bildirəcək. Biz işimizi bu istiqamətdə qururuq. Seçkinin demokratiyanın tələblərinə uyğun təşkilinə nail olmaq əsas vəzifəmizdir. Təmsil olunduğum iqtidar partiyasının qələbəsinə inam böyükdür və bu reallığı şərtləndirən amillər istənilən qədərdir. İşimizi Mərkəzi Aparatın tövsiyə və tapşırıqlarına əsasən müəyyənləşdirmişik"
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev: "Həmişə deyildiyi kimi, gənclər böyük qüvvədir. Partiyamızda çoxluq təşkil edən gənclərimiz bütün siyasi kampaniyalarda fəal iştirak etməklə vətəndaşlıq borclarını layiqincə yerinə yetirir, dövlətin gənclər siyasətini dəstəkləyirlər. Siyasi kampaniyalarda gənclərdən ibarət yaradılan mobil qruplar parlament seçkilərinin təbliğat mərhələsində də fəallıq göstərəcək, YAP namizədlərinin qələbəsi naminə sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edəcəklər. Gənclərimizin qüvvəsini səfərbər etmək üçün tərtib olunan tədbirlər planına uyğun fəaliyyətimizi genişləndirəcək, partiyamızın namizədlərinin qələbəsi naminə bütün tövsiyə və tapşırıqları yerinə yetirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB