“AXCP hazırda Müsavatın dədəsinə rəhmət oxutduran vəziyyətdədir” MÜSAHİBƏ

“AXCP hazırda Müsavatın dədəsinə rəhmət oxutduran vəziyyətdədir” MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, AXCP-nin gözlənilən qurultayında Əli Kərimlinin alternativsiz sədrlik iddiası yeni qopmalara gətirib çıxara bilərmi?

- Əli Kərimli AXCP daxilindəki despot rejimi partiyanın başına gəldiyi ilk gündən yaradıb və nə maraqlıdır ki, bunu heç bir zaman inkar da etməyib. Çünki o, özünə vurğundur. Həm də potoloji dərəcədə. Ona görə də AXCP-nin formal qurultayından nəsə gözləməyə dəyməz. Yenə bir - iki bəy tərifi səslənəndən sonra Kərimlini aparıb oturdacaqlar sədrlik kürsüsündə. Zatən AXCP sədrinin illərdir yürütdüyü təşkilat daxili səhv siyasəti də bu dönəmlər üçün nəzərdə tutulub. Bütün ziyalıların, ağıllı adamların, eyni zamanda özündən daha hörmətli və güclü olan müavinlərin, müşavirlərin təşkilatdan uzaqlaşdırılması o məqsədə xidmət edirdi ki, nə vaxtsa qurultayda, sədr seçimi məqamında alternativ - filan olmasın. O bu gün məqsədinə çatıb. Amma dediyim kimi planlı şəkildə. Hər hansı bir qopmanı isə gözləmirəm. Qopacaq br şey qalmayıb, ona görə gözləmirəm.

- Necə düşünürsünüz Əli Kərimlinin iddiaları AXCP-nin dağılmasına gətirib çıxara bilərmi?

- Bu iddia deyil, siyasi debilizmdir. Ona görə radikal düşərgədə inkişaf, rentabellik, müsbət dinamika yoxdur. İşləri- gücləri "Azadlıq"ın manşetindən hakimiyyət üzərinə nifrət, iftira, təhqir püskürməkdir. Belə hakimiyyətə gəlmək olar? Hansı ölkədə müxalif komanda bu ideologiya ilə hakimiyyətə gəlir? Varmı belə bir prezident? Yoxdur! Bax ona görə də böhran durmadan dərinləşir.

- Belə olan halda Müsavat partiyasındakı durum AXCP-də təkrarlana bilərmi?

- İnanın və əmin olun. AXCP hazırda Müsavatın dədəsinə rəhmət oxutduran vəziyyətdədir. AXCP yoxdur! Əli Kərimlinin klavyatura siyasətini istisna etsək, bu təşkilat həqiqətən də yoxdur!

- Parlament seçkiləri ilə bağlı müxalifətin fəaliyyətsizliyini partiya sədrlərinin böyük iddialarının acı nəticəsi kimi qiymətləndirmək olarmı?

- Partiya sədrlərinin iddiası yoxdur. Sadəcə pafosları var. Onlar özləri də yaxşı bilirlər ki, heç nə alınmır və heç bir zaman alınmayacaq da. Belə olan zaman qışqırmaqdan, utopik düşüncəyə köklənməkdən, 5-6 nəfər tapıb pul qazanmaqdan savayı çarələri qalmır. Fəaliyyətsizlikləri də məhz bu səbəbdəndir. Eyforiyada olan adam heç zaman uğur qazana bilməz. Siyasət belələrini hər zaman öz burulğanında batırıb.

- Necə düşünürsünüz "Milli Şura" ilə Müsavatın parlament seçkiləri ilə bağlı əməkdaşlıq etməsi mümkündürmü?

- Ən azından Arif Hacılı buna cəhd edir. Arif Hacılı bu addımı Kərimli və ya Həsənlini sevdiyi üçün deyil, müxalif imicini qorumaq, pul qazanmaq üçün atır. Amma nəticə necə olacaq, onu bilmirəm.

- Müxalifətin parlament seçkilərində də məğlub olacağını indidən proqnozlaşdırmaq olarmı?

- Birmənalı şəkildə! Bunu mən demirəm, ortalıqdakı siyasi mənzərə deyir. Bir təşkilatın lideri ki, arvad adı ilə "facebook" profili yaradıb adam söyür, onunla bərabər gedilən bütün yolların, ünvanların sonu uçurumdur. Bir müxalifətin ki, sosial bazası, siyasi elektoratı bir sünnət toyunun kontingenti, adam sayı qədər deyil, o zaman hakimiyyətə gəlməyi də, qələbələr qazanmağı da yalnız və yalnız yuxuda görmək olar.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə