Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunusun (Azərbaycan Respublikası CM-nin 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunur) və onun əri Arif Yunusun (CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir) cinayət işləri üzrə məhkəmənin baxış iclası keçirilib. SİA-nın veridiyi məlumata görə, Əfqan Hacıyevin sədrliyi və Rasim Sadıxov və Fikrət Qəribovun hakimliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı qismində Fərid Nağıyev iştirak edib. Prosesdə təqsirləndirilən şəxs L.Yunusun müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, təqsirləndirilən şəxs A.Yunusun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak edib, yeni vəkil orderi təqdim etmiş Elçin Sadıqov Leyla Yunusun müdafiəçisi qismində işə buraxılıb.
Bundan sonra, təqsirləndirilən şəxs Leyla Yunusova çıxış edərək bir sıra vəsatətlər verib. Müdafiəçilər məhkəmədən vəsatətlərin təmin edilməsini xahiş edib, dövlət ittihamçısı isə vəsatətlərin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib. Məhkəmənin qərarı ilə vəsatətlər təmin edilmədən rədd edilib. Bundan sonra, müdafiəçi Ə.Məmmədov vəsatət verərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Arif Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib, müdafiə tərəfinə daxil olan digər şəxslər vəsatəti müdafiə edib. Dövlət ittihamçısı vəsatətin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib. Məhkəmənin qərarı ilə vəsatət təmin edilmədən rədd edilib.
Daha sonra, dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsinə uyğun olaraq təqsirləndirilən şəxs L.Yunusa dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma və saxta sənəd hazırlama və istifadə etmə, A.Yunusa isə dələduzluq cinayətləri törətmələrinə görə elan edilmiş ittihamı elan edib, təqsirləndirilən şəxslər L.Yunus və A.Yunus ittihamın mahiyyətinin onlara aydın olmamasını və özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini göstərib, məhkəmə ittihamın mahiyyətini təqsirləndirilən şəxslərə elan edib və ifadə vermələrini təklif edib. İlkin olaraq təqsirləndirilən şəxs Leyla Yunus qısa sərbəst ifadə verərək A.Yunusun özünün bir hesabından başqa hesabına pul köçürməsini, onun əməlində dələduzluq cinayətinin olmamasını bildirib, dövlət ittihamçısının və zərər çəkmiş şəxsin nümayəndəsinin suallarını cavablandırmaqdan imtina edib.
Müdafiəçiləri tərəfindən ona sual verilməyib.
Bundan sonra, digər təqsirləndirilən şəxs Arif Yunusa ifadə verməsi təklif edilib, sonuncu ifadə verməkdən imtina edib.
Bundan sonra, məhkəmə iclasına dəvət edilmiş şahidlərin dindirilməsinə başlanılıb. İclas zamanı 11 nəfər şahidin dindirilməsi həyata keçirilib. İclas zamanı Bakı şəhər İcra Hakimiyyəti Nəzarət şöbəsinin rəisi İsmayılov Zülfəli Üzeyir oğlu, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" Cəmiyyətinin mühasibi Hacıyeva Natəvan İbrahim qızı, "Qadın Krizis Mərkəzi"nin layihələrində həkim-psixiatr qismində iştirak edən İsa-zadə Azad Ağa Əhməd oğlu və "Azadlıq Hərəkatçıları" ictimai birliyinin sədri Novruzov Təhmasib Yüzasif oğlu ibtidai istintaq zamanı veridkləri ifadələrinə oxşar məzmunlu ifadələr veriblər.
Nahar fasiləsi ilə əlaqədar 13:00-da iclasda fasilə elan edilib. Saat 14:00-da davam edən iclas zamanı "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı mübarizə ictimai birliyinin sədri Səfərəliyeva Rəna Teymur qızı ifadə verib. İbtidai istintaq zamanı verdiyi ifadəni Leyla Yunusun üzünə qarşı bir daha təsdiq etməklə ittihamın mahiyyəti üzrə onu ifşa edən fikirlər səsləndirib. 2005-ci ilin sonlarından "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatı ilə əlaqəsini kəsdiyini, bütün səlahiyyətlərini, təşkilatın möhür və blankını Leyla Yunusovaya təhvil verdiyini, həmin tarixdən sonra təşkilat tərəfindən hər hansı donor təşkilatla qrant müqaviləsinin bağlanılmasından, təşkilatın hesablarına pulların köçürülməsindən məlumatının olmadığını, bütün bu işlərin Leyla Yunusova tərəfindən aparıldığını bildirib. L.Yunusun ona bir neçə dəfə təkrarən "Təşkilatı mən idarə edirdim, sənə heç nəyin aidiyyəti yox idi, indi nədən zərər çəkmisən ki, burada zərər çəkmiş kimi nümayəndəyə etibarnamə vermisən, sənə ziyan dəyib?" deyə verdiyi suala, R.Səfərəliyeva cavab verib ki, Leyla Yunusun hərəkətlərinin hüquqi araşdırılması ilə əlaqədar müəyyən edilmiş pozuntularla bağlı təşkilatın təsisçiləri çox narahatçılıq keçirib, ona yenidən təşkilata qayıdıb işləri icra etməsini bildiriblər, bununla təsisçilərə böyük mənəvi ziyan dəyib.
Digər tərəfdən, 2005-ci ilin sonlarından təşkilatdan faktiki ayrıldıqdan sonra təşkilat adından bağlanılmış heç bir qrant müqaviləsindən xəbəri, maliyyə məsələrinə isə aidiyyəti olmayıb. Həmin müqavilələr təşkilatla xarici donorlar arasında bağlanılıbsa, təbii ki, bu gün donorlar qarşısında təşkilat məsuliyyət daşıyır. Bu səbəbdən, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatına maddi ziyan da dəyib.
Bundan sonra, iclasda "Humanitar Tədqiqatlar Cəmiyyəti" qeyri-hökumət təşkilatının sədri Həsənov Əvəz Yediyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verib.
Daha sonra iclasa dəvət edilmiş "Unibank" ASC-nin və "Unibank" ASC-nin sənaye-texnika filialının əməkdaşları Şıxəliyev Ələddin Yavər oğlu, Babayeva Mehriban Yusif qızı, Abdullayev Müstəqim Seyfulla oğlu, Əli-zadə Nigar Xaqani qızı və Qəribova Nigar Fizuli qızı ibtidai istintaq zamanı verdikləri ifadələri ilə eyni məzmunlu ifadələr veriblər. Onların ifadələri ilə müəyyən edilib ki, Leyla Yunus 2009-2012-ci illər ərzində "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının "Unibank" ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun cəmi 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib. Üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixdə ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Yunusov Arif Seyfulla oğlu ilə həmin gün sonuncunun "Unibank" ASC-dəki şəxsi hesabına mədaxil edib və dərhal Çexiya Respublikasının Praqa şəhərində yerləşən "Sberbank CZ" kommersiya bankındakı Arif Yunusovun şəxsi bank hesabına köçürüb dələduzluq yolu ilə ələ keçiriblər.
Bundan sonra, məhkəmə iclasında sədrlik edən iş üzrə növbəti iclasın 28 iyul 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan edib.
Proses zamanı Leyla Yunus qeyri-etik davranışlara yol verərək məhkəməyə dəvət edilmiş bir sıra şahidləri nalayiq ifadələrlə təhqir edib. İttihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyərkən dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilib, məhkəmə tərəfindən Leyla Yunusovaya dəfələrlə xəbərdarlıq elan edilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlıqlarına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB