Media nümayəndələri Fəxri Xiyabanda olublar YENİLƏNİB

Media nümayəndələri Fəxri Xiyabanda olublar YENİLƏNİB

Milli Mətbuatın 140-cı il dönümü ilə əlaqədar olaraq Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun üzvləri, yazılı və elektron medianın rəhbərləri Fəxri Xiyabanı ziyarət edib. SİA-nın məlumatına görə, media rəhbərləri ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, Ulu öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra mətbuat nümayəndələri Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, önünə əklil qoyublar. Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin keçdiyi böyük tarixi yol haqqında ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəldiyini qeyd edib. "Əkinçi" qəzetinin milli mətbuat tarixində rolu barədə danışan Ş.Vəliyev qeyd edib ki, bu gün Azərbaycan mətbuatı inkişaf mərhələsindədir və mətbuatın inkişafına dövlət dəstəyi günü-gündən artır.

Bütün xəbərlər Facebook səhifəmizdə