Arzu Rəhimov jurnalistləri təbrik etdi

Arzu Rəhimov jurnalistləri təbrik etdi

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə media nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə həmçinin SHXÇDX rəisinin I müavini, general-mayor Zaur Abdullayev da iştirak edib.

SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək deyib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncama əsasən artıq bir çox qurumlarda tədbirlər keçirilir: "Ötən gün dövlət başçısı tərəfindən imzalanan dörd sərəncamla 180 nəfər media işçisi təltif olunub. Bu çox fərəhli bir haldır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə şəxsə ordenlərin, "Tərəqqi" medalının, eyni zamanda "Əməkdar jurnalist" adının verilməsi bizim medianın böyük nailiyyətidir. Ölkəmiz yeni müstəqilliyi əldə etdiyi zamanlarda bizim mətbuatımız və kütləvi informasiya vasitələrində çalışan işçilərin texniki göstəricisi, peşəkarlığı bir çox hallarda çox aşağı səviyyədə idi. Təbii ki, bütün bunlar da KİV çox mənfi təsir göstərirdi. Bu bizim reallığımız idi və hamımız da görürdük. Amma bu günkü günlərdə biz bir çox KİV-i qiymətləndiririk, dəyələndiririk və onların işini müsbət, məqbul hesab edirik. Bu gün hər bir qurumda mətbuat xidmətləri var. SHXÇDX yarandıqdan sonra biz ictimaiyyətlə əlaqələr şöbəsi yaratdıq".

A.Rəhimov bildirib ki, 1990-cı illərdə çox ciddi və böyük problemlər var idi: "Ümummilli Lider Heydər Əliyev tərəfindən çox cəsarətli bir addım atıldı. 1998-ci ildə mətbuat üzərindən senzura götürüldü. Son zamanlar KİV-in işində çox ciddi dönüşlər var və müsbət irəliləyişlər var. Təbii ki, burada da sizin hər birinizin zəhməti var. Biz də bir qurum olaraq sizə öz diqqətimizi ayırmalıyıq. Sizlərin hər biri bizim diqqətimizdəsiniz. Bizim qurumun ictimaiyyətlə əlaqələr şöbəsi sizlərlə öz işini qurub və qarşılıqlı əməkdaşlıq edir. Ən başlıcası isə siz tərəfdən qaldırılan hər hansı bir məsələyə dərhal reaksiya verilsin. Bizim fəaliyyətimizi işıqlandıran hər bir KİV-lə əməkdaşlığı açığıq və onlarla öz işimizi qururuq. Hesab edirəm ki, qarşılıqlı əlaqələr düzgün qurulmalıdır".

Sonda bir qrup jurnalistlə diplom və hədiyyələr təqdim olunub. Mükafata layiq görülənlər arasında SƏS Media Qrupun əməkdaşı da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə