Müharibə ANONSU

İran ordusunun baş qərargahının rəis müavini, briqada generalı Məsud Cəzaəri istənilən ölkəyə qarşı müharibəyə başlaya bilər. SİA xəbər verir ki, bu barədə "farsnews.com" saytı məlumat yayıb. General bəyanatını bununla əsaslandırıb ki, İranın humanitar gəmiləri Yəmənə səfər edərkən, Səudiyyə Ərəbistanının rəhbərliyi altında fəaliyyət göstərən koalisiya qüvvələri həmin gəmiləri atəşə tuta bilərlər. İran isə bu halın baş verdiyi anda müharibəyə başlaya bilər.

Qeyd edək ki, hazırda İranın Qızıl Aypara təşkilatına məxsus "İran şəhidi" adlı gəmi Yəmənin Hodeydə limanına yaxınlaşmaq üzrədir. Gəmidə 2,5 min ton humanitar yardım yükü mövcuddur. Belə ki, dəniz nəqliyyatının Yəmənə səfəri 5 günlük atəşkəs vaxtına təsadüf edir. General sərt şəkildə bildirib ki, əgər bu gəmiyə qarşı silahlı insident baş qaldırarsa, bu regionda böyük müharibəyə səbəb ola bilər və heç bir güc bu alovu söndürə bilməyəcək.

Bu arada ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Əhməd Əsiri isə bəyan edib ki, koalisiya qüvvələri İrandan səfərə çıxmış və Yəmənə humanitar yardım aparan gəminin bu ölkənin ərazisinə daxil olmasına imkan verməyəcək. O, bunu belə əsaslandırıb ki, humanitar yardımın Yəmənə çatdırılması üçün BMT-nin razılığı lazımdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə