Sankt-Peterburq səfəri davam edir

Sankt-Peterburq səfəri davam edir

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir. Aprelin 16-da parlamentin Sədri MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib. Tədbirdə təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib.

Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin Sədri Oqtay Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif olunması münasibəti ilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni parlamentin Sədrinə təqdim edib. Valentina Matviyenko Milli Məclisin Sədrinə xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün parlamentin Sədri Oqtay Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb.

Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.

Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə