Poltoloq: “Türkiyədə xaos yaratmağa çalışırlar”

Elman Nəsirov: “Türkiyəni Avropa İttifaqında görmək istəməyən qüvvələr bu prosesdə katalizator, bir çox hallarda isə təşkilatçı rolunu oynaya bilərlər”
Poltoloq: “Türkiyədə xaos yaratmağa çalışırlar”

"Türkiyədə baş verən son prosesləri terror hadisələri kimi dəyərləndirmək daha düzgün olardı". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Türkiyədə baş verən prosesləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Türkiyənin yeritdiyi müstəqil xarici siyasət kursu bəzi dairələri narahat edir: "Türkiyə həqiqətən regional səviyyədə fövqəl dövlətə çevrilməkdədir. Bu ölkə 2023-cü ildə cümhuriyyətin yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşır. Həmin vaxta qədər ümumi daxili məhsulu 2 trilyon dollara, xarici ticarəti isə 500 milyard dollara çatdırmağı hədəfləyir. 2018-ci ilədək isə ümumi daxil məhsul 1.3 trilyon dollar olmalıdır. Bundan başqa NATO çərçivəsində silahlı qüvvələrinin sayına görə, ABŞ-dan sonra ikinci yerdədir. ABŞ-ın 1.4 milyon, Türkiyənin isə 720 minlik qoşunu var. Avropanın heç bir ölkəsinin bu qədər hərbi qüvvəsi yoxdur. Yəni, bunlar Türkiyənin regional səviyyədə qüdrətlənməsi, müstəqil xarici siyasət kursu yeritməsi heç şübhəsiz ki, müəyyən dairələri narahat edir. Bu müstəqil siyasət həm də onda öz əksini tapır ki, ABŞ, Avropa dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Amma, Türkiyə bu proseslərdən kənarda qalıb və Rusiya ilə ticarət dövriyyəsinin həcmini 38 milyard dollardan 100 milyard dollara kimi artırmağı planlaşdırır. Yəni, Türkiyə faktiki müstəqil siyasət yeridir. Hesab edirəm ki, buna görə də müəyyən dairələr bundan narahatdır və ciddi cəhdlə bu ölkədə qarışıqlıq yaratmağa, sabitliyi pozmağa, vətəndaş itaətsizliyi mühiti yaratmağa çalışırlar".

"Xarici qüvvələr Türkiyədə idarəolunan xaos yaratmağa çalışırlar. Bunu üçün müəyyən terrorçu qruplaşmaların imkanlarından istifadə edirlər. Eyni zamanda bu addımla Türkiyə ilə PKK arasında başlanan normallaşma prosesinə zərbə endirirlər və vəziyyətin yenidən gərginləşməsinə rəvac verirlər. Bütün bunların hamısı eyni mərkəzdən, Türkiyənin əleyhdarı olan qüvvələr tərəfindən idarə olunur. Hesab edirəm ki, Türkiyəni Avropa İttifaqında görmək istəməyən qüvvələr bu prosesdə katalizator, bir çox hallarda isə təşkilatçı rolunu oynaya bilərlər". – E. Nəsirov vurğulayıb.

Politoloqun sözlərinə görə, adətən belə xarici qüvvələr və onlarla harmonik fəaliyyət göstərən daxili qruplar zamanın seçiminə xüsusi əhəmiyyət verirlər: "Çünki, Türkiyədə iyun ayında parlament seçkiləri keçiriləcək. Bu seçkilər yaxınlaşdıqca Türkiyəyə olan təzyiqlərin və daxildə belə insidentlərin baş vermə ehtimalı kifayət qədər arta bilər. Hesab edirəm ki, bunların hamısı nəticə etibarı ilə Türkiyənin zəiflədilməsinə, müstəqil xarici siyasət yeritməsi imkanlarının məhdudlaşdırılmasına yönəlmiş addımlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə