YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib TƏDBİR-FOTOLAR

YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Pariyası (YAP) Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak ediblər.

İlk öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Onun xatirəsini böyük ehtiramla yad ediblər. Zərdab rayon Heydər Əliyev Mərkəzində davam etdirilən konfrans Dövlət Himni səsləndirilməsi ilə öz işinə başlayıb.

Giriş sözü ilə Yeni Azərbaycan Pariyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən Zərdab rayon təşkilatının ətrafında sıx birləşən partiya üzvləri Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi və ideyalarının davamçılarıdır: ""Bu müqəddəs yol Azərbaycanı xoşbəxt və işıqlı gələcəyə, firavanlığa aparan yoldur. Bu yolun doğru olduğunu həyat özü təsdiq edib. Məhz ona görə də partiyamızın Azərbaycanın ictimai-siyasi həyatında mövqeyi günü-gündən möhkəmlənir. Azərbaycanın inkişafını, tərəqqisini və xalqımızın xoşbəxtliyini Ümummilli Liderin siyasi kursunun davamında görən YAP Zərdab rayon təşkilatının gəncləri öz konfranslarını yüksək sevinc və əmək nailiyyətləri ilə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, səmərəli və möhtəşəm fəaliyyətini dəstəkləmək əzmi ilə qeyd edirlər. Gənclər hər zaman quruculuq- abadlıq işlərində aktivlik göstərir və rayonun daha da gözəlləşməsi istiqamətində rayon rəhbərliyi ilə birgə olduqlarını nümayiş etdirirlər".

Ötən konfransdan keçən müddət ərzində YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər barədə rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Əliyev məruzə ilə çıxış edərək məlumat verib ki, YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin sayı 1747 nəfərdir və onlardan 538 nəfəri ali təhsilli, 275 nəfəri orta ixtisas təhsilli, 934 nəfəri isə orta təhsillidir. YAP Zərdab rayon təşkilatı Gənclər Birliyi üzvlərinin 701 nəfəri qadınlardan ibarətdir: "Üzvlərimizin böyük əksəriyyətinin gənclərdən ibarət olması YAP-ın cəmiyyətdə qazandığı nüfuzundan xəbər verir. Bu gün biz Zərdab gəncləri Partiya Sədrimizin, dövlət başçısı İlham Əliyevin ölkəmiz üçün həyata keçirdiyi uğurlu siyasətə öz töhfəmizi verdiyimiz üçün özümüzü xoşbəxt gənclər hesab edirik".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə öz çıxışlarında YAP-ın keçdiyi şanlı yola nəzər salaraq, bu yolda gənclərlə çiyin-çiyinə addımladıqlarından qürur hissi duyduqlarını dilə gətirərək gənc nəslin nümayəndələrinə öz tövhələrini verdilər.

Təşkilatı məsələlərə baxılaraq YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinə 17 nəfərdən ibarət Şura üzvü, 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə heyətinə üzv və eləcə də rayon Gənclər Birliyinə sədr seçiblər. Belə ki, Ələkbər Kərimov YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri, Nihad Qənimətoğlu, Aynur Məmmədova isə müavinləri seçiliblər. Həmçinin, YAP Gənclər Birliyinin respublika konfransına 2 nəfər nümayəndə seçilib.

Tədbirdə konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevə müraciət qəbul olunub.

Sonda partiya sıralarına qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə