Adil Əliyev: “Bütün qətliamlar dünyada tanıdılmalıdır”

Adil Əliyev: “Bütün qətliamlar dünyada tanıdılmalıdır”

"1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur. Bu soyqırımı hadisəsi ermənilərin Türk dünyasına qarşı apardığı iyrənc və məkrli siyasəti açıq aydın ortaya qoyub". Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev xalqımızın başına gətirilən 31 Mart soyqırımını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, 1918-ci il Mart soyqırımından bəhs edərkən proseslərin kökünü bir az əvvəldə-1905-ci il hadisələrində axtarmaq lazımdır: "Mart soyqırımı XIX əsrin sonlarından başlayaraq ermənilərin Anadoluda, 1905-1906-cı illərdə Azərbaycanda,1915-ci illərdə Türkiyədə törətdikləri siyasətin davamı idi. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan,Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki,dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ermənilərin dinc sakinləri amansızlıqla qətlə yetirmələri hələ də dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməyib, onlara qarşı heç bir tədbir görülməyib. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bu cinayət deyil bəs nədir?".

Adil Əliyev onu da qeyd edib ki, Mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır: "1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu Öndər mart hadisələrinin əsl tarixi qiymətini verdi. Adı çəkilən Fərmanla "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi tarixiləşdirildi, bütün dünyanın diqqəti bu faciəyə yönləndirildi. Əlbəttə, 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bu günləri "milli matəm günü" kimi qeyd etdi, lakin qətliamın "soyqırımı" adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu Öndərin məlum Fərmanı ilə həyata keçirildi. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin tariximizə verdiyi qiymət nəticəsində ölkəmizin bütün bölgələrində faciə ilə əlaqədar anım tədbirləri keçirilir ki, bu da gənclərin tariximizi, erməni vəhşiliklərini daha dərindən öyrənməsinə kömək edir. Qeyd etmək lazımdır ki, ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliam hadisələri birləşdirilib öyrənilməklə yanaşı, bütöv bir soyqırımı kimi dünyaya tanıdılmalıdır. İstər 1905, istər 1918-ci il hadisələri, istərsə də Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqıırımı kimi bütöv bir proses halında dünyada yayılmalıdır ki, onların iç üzlərini hər kəs görə bilsin".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə