"Ermənistan Müdafiə Nazirliyində genişləndirilmiş kollegiya iclasının keçirilməsi bir daha sübut edir ki, düşmən tərəfi Azərbaycanın hərbi qüdrəti qarşısında qorxur". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov cəbhə xəttində işğalçı tərəfinin təxribat-diversiya törətməsindən sonra böyük itki verərək geri çəkilməsinə və Ermənistan rəhbərliyinin təlaşına münasibətini bildirərkən deyib.
YAP rəsmisi qeyd edib ki, əslində işğalçı ölkənin rəhbərliyi bu cür qondarma iclaslar keçirməklə daxili auditoriya qarşısında "işgüzarlığını" nümayiş etdirməyə cəhd göstərir: "Ancaq bəlli olan budur ki, sadə erməni xalqı Sarkisyan rejiminin bu yalanlarından doyub və ona qətiyyən inanmır. Çünki erməni tərəfinin bu qədər tələfat verməsi bilavasitə Serj Sarkisyan hakimiyyətinin üzərinə düşür".
Millət vəkili Ermənistanın müdafiə naziri Seyran Ohanyanın verdiyi bəyanatlara da münasibətini bildirib: "Hesab edirəm ki, onun bu kimi aqressiv bəyanatlar səsləndirməsi qorxudan irəli gələn haldır. Hətta deyə bilərik ki, Ohanyan həmin bəyanatlarını verəndə boğazdan yuxarı danışır. Bu baxımdan işğalçı tərəf itkilər verdikcə, mövqeləri zəiflədikcə, həmin hadisələrdən sonra Ermənistan rəhbərliyinin belə bəyanatlarla çıxış etmələri yalnız onların ziyanlarına işləyir. Çünki sadə xalq çox yaxın bir dövrdə bu rejimi devirəcək. Bunun səbəbi isə sadə erməni xalqının müharibə istəməməsidir".
Mirkazım Kazımov son olaraq onu da əlavə etdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən an mənfur düşmənin təxribatçı əməllərini, hiylələrini dərhal dəf etmək gücünə malikdir: "Bizim Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları Azərbaycan ordusunu Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevirib. İnanırıq ki, çox da uzaqda olmayan torpaqlarımızın işğaldan azad ediləcəyi gün, biz üçrəngli müqəddəs bayrağımızı işğalçıların qarşımızda əyilmiş başları üzərində qaldıracağıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB