ABŞ prezidentindən İrana Novruz jesti

Obama: "ABŞ İsraillə münasibətlərinə yenidən baxa bilər"
ABŞ prezidentindən İrana Novruz jesti

ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahunun son bəyanatlarından razı qalmadığını dilə gətirib və xəbərdarlıq edib ki, Vaşinqton Yaxın Şərqdəki tərəfdaşı ilə münasibətlərinə yenidən baxa bilər. SİA "Reuters"ə istinadən xəbər verir ki, Obama bu fikirlərini İsrailin baş naziri ilə apardığı telefon danışığında ifadə edib.

Seçkilər öncəsi Netanyahu bəyan etmişdi ki, o, heç vaxt müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək. Lakin daha sonra NBS telekanalına verdiyi müsahibəsində İsrailin baş naziri həmin bəyanatını bir az yumşaq şəkildə ifadə etmişdi. O, qeyd etmişdi ki, iki dövlətin sülh şəraitində mövcud olmasını istəyir və buna görə vəziyyət dəyişməlidir. "Likud" partiyasının lideri sözügedən məsələyə olan baxışlarını şərh edərkən deyib ki, Fələstin müxtariyyəti İsraili yəhudi xalqının vətəni kimi tanımaq istəmir və Qəzza sektoruna nəzarət hələ də radikal Həmas qruplaşmasında qalmaqdadır.

Netanyahunun məhz bu kimi baxışları Obama tərəfindən qəbul edilməyib və bununla "Ağ Ev"in İsraillə münasibətlərə yenidən baxılması barədə fikirlər ortaya çıxıb. ABŞ prezidenti Netanyahuya seçkilərdə qələbə qazanması münasibətilə telefon zəngi edib və "Likud" liderinin bəyanatını sərt şəkildə tənqid edib.

ABŞ-ın İsraillə münasibətlərinə yaşanan problemlərindən biri də İranla bağlıdır. Bu barədə isə "lenta.ru" yazır. Belə ki, İsrailin İrana yönəlik siyasətində sərt və barışmaz mövqe nümayiş etdirməsi, xüsusilə nüvə proqramı ətrafında yürütdüyü siyasəti də ABŞ-ı qane etmir. Obama administrasiyası hazırda İranla dialoqun davamlı şəkil alması üçün yollar axtarır. Buna misal kimi, Barak Obamanın İran rəhbərliyinə və xalqına bahar bayramı olan Novruzla bağlı etdiyi müraciətini göstərmək olar. Preziudent iranlıları bayram münasibətilə təbrik edib və inamlı şəkildə bəyan edib ki, nüvə proqramı üzrə aparılan danışıqlarda ortada olan fikir ayrıqlıqları aradan qaldırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə