Mübariz Əhmədoğlu: “Putin Türkiyə və Ərdoğanla dostluq edir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Putin Türkiyə və Ərdoğanla dostluq edir” AÇIQLAMA

"Ümumiyyətlə bu ilin aprelin 24-də Fransa prezidenti Fransua Ollandın Ermənistanda olması ilə Rusiya prezidenti Vladimir Putinin rəsmi İrəvanda olması fərqli məsələlərdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu ilin aprelin 24-də Rusiya və Fransa prezidentinin qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərə qatılmasına münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, Fransua Olland Fransadakı erməni lobbisinə vəd verdiyi üçün Ermənistana gedəcək: "O öz vədində də açıq-aydın deyib ki, aprelin 24-də qondarma "erməni soyqırımı" mərasimlərinin qeyd olunması üçün rəsmi İrəvanda olacaq. Amma Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutan telefon danışığından sonra onun adından bağlı yayılan açıqlamada isə balacaq bir qeyd var idi. Həmin qeyddə bildirilirdi ki, martın 24-dən, aprelin 24-dək Ermənistanda qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı mərasim keçiriləcək. Yəni bu o deməkdir ki, V.Putin bir ay ərzində rəsmi İrəvanda ola bilər".

M.Əhmədoğlu hesab edir ki, bu o demək deyil ki, Rusiya prezidenti qondarma "erməni soyqırımı"nın 100 illiyində iştirak edəcək: "Amma burada Fransa ilə Rusiya prezidentlərinin sözügedən qondarma soyqırımda iştiraklarının həm də digər bir məsələ baxımdan da ayrı-ayrı məqamları var. Bu isə ondan ibarətdir ki, Rusiya 1915-ci ildə erməniləri Osmanlı imperiyasına qarşı qızışdıran bir dövlətdir. Yəni o dövrdə Fransanın Osmanlı imperiyasının tərkibindəki erməniləri Osmanlı hökumətinə qarşı qızışdırmaqda elə də böyük aktivliyi olmayıb. Bəlkə də elə Fransada fərqli bir mövqe olub. Amma Rusiya dəqiq bəllidir ki, 1890-cı ildən bu yana Osmanlı imperiyasının tərkibindəki erməniləri Osmanlı hökumətinə qarşı qızışdırıb. Digər diqqət çəkən məqam odur ki, Putin hal-hazırda Türkiyə xüsusilə Rəcəb Tayyip Ərdoğanla dostluq edir. Bu mənada ola bilsin ki, Rusiya prezidenti aprelin 21-22-də Ermənistanda, 24-də isə Rusiya nümayəndə heyəti Türkiyədə olsun və yaxud heç birində olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə