AZƏRTAC-ın yaranmasının 95 illik münasibətilə mərasim keçirilib YENİLƏNİB FOTOLAR

AZƏRTAC-ın yaranmasının 95 illik münasibətilə mərasim keçirilib YENİLƏNİB FOTOLAR

Bu gün "Four Seasons" Hoteldə AZƏRTAC-ın yaranmasının 95 illik münasibətilə mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin Sədr müavini Bahar Muradova, millət vəkilləri və media kapitanları iştirak edib.

Mərasimdə çıxış edən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, bu gün səhər Prezidentin köməkçisi, PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Dünya Xəbər Agentlikləri Konqresinin Şura üzvləri və AZƏRTAC-ın 95 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş digər mötəbər qonaqlarla görüşü oldu: "Səmimi keçən görüş zamanı müasir dünyamızda informasiyanın yeri və rolu, media qurumlarının üzərinə düşən ümdə vəzifələrlə bağlı dəyərli fikirlər səsləndi. Bu gün biz həm də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasını keçirdik".

A.Aslanov diqqətə çatdırıb ki, Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC 95 illik yubileyini onun üçün xüsusilə əlamətdar olan belə bir dövrdə, eyni zamanda, qloballaşan dünyada dəyər sistemlərinin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun yaşandığı bir dövrdə qeyd edir. AZƏRTAC-ın bugünkü səviyyəyə gəlib çatması, dünya informasiya məkanına çıxması bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Biz eyni qayğını möhtərəm Prezidentimiz cənab İlham Əliyevdən də görürük. Cənab Prezidentin agentliyimizin adının dəyişdirməsi, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə 13 əməkdaşımızın Azərbaycan Respublikasının bir sıra fəxri adları və mükafatları ilə təltif edilməsi barədə imzaladığı sərəncamlar bizdə böyük sevinc doğurub".

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə AZƏRTAC-ın 95 illiyi münasibətilə başda qurum rəhbəri Aslan Aslanov olmaqla onun bütün kollektivini təbrik edib: "Bu gün Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərinin mərkəzinə çevrilib. Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik və bu il Azərbaycan Avropa Oyunlarını, Avropa idmançılarını qəbul etməyə hazırlaşır. Təməli Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti bu gün bölgənin ictimai, siyasi, idman və mədəni tədbirlərinin mərkəzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi dövlətimiz, xalqımız günü-gündən öz inkişafıbnı artırır, ölkəmiz modernləşir və dünya xalqları, dövlətləri sırasında öz layiqli yerini tutur".

Ə.Həsənov əlavə edib ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin Konqresi V Bakıda keçiriləcək: "Azərbaycan 2016-cı ilin noyabrına qədər bu tədbirə hazırlıqlarını başa çatdıracaq. Əminəm ki, siz Azərbaycan xoş təəssüratla geri qayıdacaqsınız. Azərbaycana müxtəlif ovqatla gəlmisiniz. İstəiyrəm ki, Azərbaycan xalqının qnonaqpərvərliyi və digər ənənələrini görəsiz, bu ölkəni Azərbaycanın dostları kimi tərk edəsiniz".

PA rəsmisi bildirib ki, bu gün Bakıda iki mühüm hadisənin şahidi oluruq: "Bunlardan biri AZƏRTAC-ın yaranmasının 95 illiyi, digəri Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasıdır. Xəbər agentlikləri hadisələrin yazılı səlnaməsirni yaradır. Azərbaycanın ən fədəkar jurnalistləri AZƏRTAC-da çalışanlardır. AZƏRTAC-da çalışan jurnalistlər Aslan Aslanovun rəhbərliyi ilə 20 ildir ki, Azərbaycanın ictimai-siyasi həyatının səlnaməsinim yazırlar. Prezident AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək bir neçə dəfə bu agentliyin əməkdaşlarını təltif edib. AZƏRTAC-ın baş direktoru "Vətənə xidmət" və "Şöhrət" ordeni ilə təltif olunub. AZƏRTAC-ın digər əməkdaşları da müxtəlif adlara layiq görülüb, mənzillə təmin ediliblər. AZƏRTAC-ın bütün kollektivinə bu yolda uğurlar arzulayıram. Azərbaycan Prezidenti və komandası həmişə sizin qayğınızı çəkəcək".

Qeyd edək ki, mərasim sonda bir sıra nüfuzlu xarici dövlətlərin agentlikləri ilə ikitərəfli sazişlərin və memorandumların imzalanması ilə başa çatıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRESS Agentliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Sənədləri AZƏRTAC-ın 95 illik yubileyi mərasimində baş direktor Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer, STA-nın baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş direktoru İon Alexandru Giboi imzalayıblar.

Sənədlərə əsasən, AZƏRTAC ilə bu agentliklər arasında informasiyaların mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

Xatırladaq ki, fevralın 27-də AZƏRTAC ilə Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında saziş imzalanmışdı.

Sonra AZƏRTAC-ın 95 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Daha sonra "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı təqdimat olub.

Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari çıxış edərək Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idmanın Azərbaycanın milli missiyasına çevrildiyini vurğulayıb. Bildirib ki, 20 ildən çoxdur müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə mötəbər idman yarışlarında uğurla iştirak edib. Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir.

O deyib ki, birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. İdman növlərinin 16-sı Olimpiya növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. Altı mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq.

"Bakı-2015"in mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs isə Avropa Oyunları zamanı mətbuat xidmətlərinin təşkili ilə bağlı məlumat verib. Oyunların işıqlandırılmasında iştirak üçün 1200-dən çox jurnalistin müraciət etdiyini vurğulayan Ceyn Pirs mətbuat nümayəndələrinin media şəhərciyində yerləşəcəklərini söyləyib. O deyib: "Biz çalışacağıq ki, media nümayəndələrinə Olimpiya səviyyəli xidmətlər göstərək və jurnalistlər üçün hər cür şərait yaradaq".

Ceyn Pirs "Bakı-2015" Əməliyyat Komitəsinin AZƏRTAC ilə rəsmi tərəfdaşlıq və Azərbaycan tərəfindən Oyunları rəsmi xəbər agentliyi kimi işıqlandırması barədə danışıqların aparıldığını diqqətə çatdırıb.

Sonra "Bakı-2015"ə həsr olunan videoçarx nümayiş etdirilib.

Yubiley mərasimi incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə