Rusiyanın Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 23-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu, Rusiyanın Azərbaycanlıları Gənclər Təşkilatı, "Naxçıvan" İctimai Təşkilatı, Ümumrusiya Azərbaycan Konqresinin Leninqrad vilayəti üzrə regional bölməsi, tərəfindən təşkil edilmiş tədbirdə Rusiyada yaşayan azərbaycanlı ziyalılar, diaspor təşkilatlarının rəhbərləri, tələbələr, Rusiya ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Elşad Qulamov iştirakçılara 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş azərbaycanlıların soyqırımı haqqında məlumat verib və Xocalı faciəsinin ikinci dünya müharibəsindən sonra insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu qeyd edib. Baş konsul həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə danışıb. O, qeyd etdi ki, məhz "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirdiyi genişmiqyaslı tədbirlər nəticəsində azərbaycanlılara qarşı törədilən soyqırımı müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınıb.
Anım mərasimində professor Yuriy Pompeyev, Niyazi Niyazov, Azərbaycan İctimai təşkilatlarının rəhbərləri İdris Qəhrəmanov, Mirtofiq Qasımov, Məzahir Həsənov, Rusiyanın fəxri hüquqşünası Yuriy Sultanov, Sankt-Peterburq Mədəniyyət Evinin nümayəndəsi Almira Tahircanova, həmçinin azərbaycanlı tələbələrin nümayəndəsi Gülzar Qasımova çıxış edərək Xocalı soyqırımını Azərbaycan xalqının tarixində ən ağır və qanlı səhifəsi adlandırıblar.
Daha sonra Xocalı soyqırımından bəhs edən "Məhv olmuş şəhər" sənədli filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB