Politoloq: “Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir”

Elman Nəsirov: “Qondarma məhkəmə prosesindən sonra bir sıra suallara aydınlıq gələcək”
Politoloq: “Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir”

"Artıq Ermənistan tərəfinə azərbaycanlı girovların azad edilməsi ilə bağlı müəyyən təzyiqlər var. Xüsusilə də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı girovların azad edilməsi ilə bağlı çağırışlar oldu. Amma bu Viktoriya Nulandın mövqeyi yox, bütövlükdə ABŞ Dövlət Departamentinin mövqeyi kimi ifadə olundu". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.

Politoloq hesab edir ki, Ermənistan tərəfi indiki halda iki yol qarşısında qalıb: "Onlar ya girovları azad etməli, ya da əvvəlki siyasətini davam etdirməlidirlər. Məlum olduğu kimi onlar Xocalı Soyqırımının ildönümü günü azərbaycanlı girovlarla bağlı növbəti qondarma məhkəmə keçirmək planlaşdırırlar. Keçən ilin oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü günü də ermənilər belə qondarma məhkəmə təyin etmişdilər. Hesab edirəm ki, qondarma məhkəmənin bu günə təyin olunması heç də təsadüfi deyil. Bilərəkdən, məqsədyönlüdür".

E. Nəsirov hesab edir ki, qondarma məhkəmə prosesindən sonra bir sıra suallara aydınlıq gələcək: "Aydınlıq gələcək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səviyyəsində edilən çağırışlar nəticə verdi yoxsa, bunun Ermənistan tərəfi üçün heç bir əhəmiyyəti yoxdur. Burada ABŞ Dövlət Departamentinin də siması bəlli olacaq ki, onların mövqeyinə Ermənistan tərəfi necə riayət edir. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Moskvada azərbaycanlı girovlarla bağlı mövqe bildirib. O da girovların geri qaytarılması ilə bağlı öz pozitiv mövqeyini ifadə edib. Ona görə də bütün bunların fonunda bu qondarma məhkəmənin nəticəsindən sonra biz daha düzgün qiymət verə biləcəyik ki, Ermənistan tərəfi ilə hansı dildə danışmaq lazımdır".

Politoloq qeyd edib ki, Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir: "Amma Ermənistan tərəfi növbəti təxribata gedərsə, girovlarla bağlı mövqeyində dəyişiklik etməzsə, dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbə olacaq. Bundan sonra isə hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə