"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı bəşəriyətə qarşı tarixi bir cinayət olmaqla Azərbaycan xalqının və dünyanın bütün vicdanlı insanlarının yaddaşına kədərli, matəmli bir gün kimi həkk edilib". Bu fikirləri SİA-ya Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımında həlak olmuş soydaşlarımızı anarkən deyib.
Nəcəf Novruzov bəşər tarixinin hələ belə bir vəhşilik, belə bir dəhşət görmədiyini qeyd edib: "Bu haqda nə qədər danışsaq da, nə qədər dünyaya səslənsək də azdır. Erməni faşistlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixin səhifələrinə həkk edilib. Bunu illər keçsə də unutmamalı, unutdurmamalıyıq. İlk dəfə olaraq Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulayıb, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərib. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandıran Ümummilli Lider, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında, bu həqiqətlərin beynəlxalq aləmdə yayılmasında, qətliama obyektiv qiymət verilməsində, gənclərin bu yöndə səfərbər edilməsində Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi olaraq qeyd etmək lazımdır. Məhz bu istiqamətdə Fondun gərgin fəaliyyəti, "Xocalıya Ədalət" kampaniyasının dünya miqyasında həyata keçirilməsi nəticəsində əvvəlki illərdən fərqli olaraq hazırda bir sıra dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan soyqırımı haqqında daha dolğun məlumatlandırılıblar. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləməkdədir. Dünyada qəbul olunan beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Amma bunlar da faciəmizi unutdarmağa yetərli deyil. Bütün dünya ölkələri bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilən bir cinayətdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Koçaryan və digərləri Xocalıda aldıqları hər bir körpənin, qızın, gəlinin, qocanın canının hesabını beynəlxalq məhkəmə qarşısında verəcəklər. Cinayət törədilibsə, cəzası da olmalıdır. Əks halda Azərbaycan dövləti, Azərbaycan gəncləri susmayacaq, haqq səsini dünyaya bəyan edəcək".
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi həmçinin Xocalıda şəhid olanların ruhu qarşısında baş əydiyini və onları heç zaman unutmayacağını bildirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB