Sarkisyan Sarukyana qarşı HÜCUMA KEÇDİ

Sarkisyan Sarukyana qarşı HÜCUMA KEÇDİ

Ermənistanın baş naziri Ovik Abramyannın göstərişi ilə, prezident administrasiyasının rəhbəri David Arutunyan maliyyə naziri Qahik Xaçatryana məktub göndərib. SİA xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Qoar Poqosyan "Azadlıq" radiosunun İrəvan bürosuna verdoyo açıqlamasında danışıb. Məktubda bildirilir ki, maliyyə naziri müxalifətdə olan "Çiçəklənən Ermənistan" partiyasının lideri, oliqarx Qagik Tsarukyanın vergidən yayınma hallarını araşdırmalıdır. Eyni zamanda, oliqarxın xeyriyyəçilik işləri də araşdırılaraq, rəsmi şəkildə hökumətə təqdim olunmalıdır. Belə ki, Ermənistanın hakim respublikaçılar partiyasının lideri və ölkənin prezidenti Serj Sarkisyan fevralın 12-də müvafiq orqanlara bu kimi araşdırmalar aparmaları üçün tapşırıq verib.

Eyni zamanda o da bəlli olub ki, baş nazir Abramyanın göstərişi ilə "Çiçəklənən Ermənistan" partiyasının lideri, eləcə də ölkənin olimpiya komitəsinin rəhbəri Qagik Tsarukyan Ermənistan dövlət bədən tərbiyəsi institunun şura sədrliyi vəzifəsindən çıxarılıb. Onu bu vəzifədə Ermənistanın idman və gənclər naziri Arsen Qaramyan əvəz edəcək.

Xatırladaq ki, Qagik Tsarukyan son zamanlar erməni müxalifəti daxilində xüsusi fəallığı ilə seçilir və açıq şəkildə bəyan edib ki, o, prezident Serj Sarkisyanın postuna iddialıdır. Tsarukyan həmçinin, ölkəsində baş verən təqib və repressiyalara qarşı sona qədər mübarizə aparacağını da bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə