YAP Binəqədi rayon təşkilatı hesabat verdi TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.

Tədbir YAP Binəqədi rayon təşkilatının 2014-cü il ərzində fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə öz işinə başlayıb. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun, başçının müavinlərinin, YAP Binəqədi rayon təşkilatının Şura və İdarə Heyəti üzvlərinin, bələdiyyə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 2014-cü il ərzində görülən işlər barədə geniş hesabatla çıxış edib. Təşkilat sədri 2015-ci ildə qarşıya qoyulan məqsədləri diqqətə çatdırıb.

Qeyd edilib ki, rayon ərazisində abadlı-quruculuq, yenidənqurma və abadlıq istqiamətində aparılan ardıcıl işlər daha da intensivləşdirilərək uğurlu sonluqlara doğru yönləndiriləcək.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov, Qadınlar Şurasının sədri Aytac Əliyeva təmsil olunduqları qurumlar üzrə görülən işlərin hesabatı ilə çıxış ediblər.

Milli Məclisin deputatı Eldar İbrahimov isə öz çıxışında ölkədə görülən işlər barədə, o cümlədən də Binəqədi rayonunda aparılan abadlıq və yenidəqurma işləri haqqında geniş söhbət açıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda mövcud olan sabit iqtisadi durum bir çox dünya dövlətlərindən fərqli olaraq bu gün də dəyişilməz olaraq qalmaqdadır: "Dünyanı bürüyən qlobal iqtisadi böhranın ölkəmizdən yan keçməsinin əsas səbəblərindən biri də yürüdülən qətiyyətli və mütərəqqi siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin apardığı bu siyasət Azərbaycanı nəinki regionda, o cümlədən beynəlxalq aləmdə də lider dövlətə çevirməkdədir".

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov hesabatın sonunda rayon ictimaiyyətinə və fəallarına öz tövsiyə və tapşırıqlarını verərək bildirib ki, görülən bütün işlər məhz ölkənin inkişafında və tərəqqisində yer alan əsas faktorlardandır.

Sonda partiya sıralarına qəbul olunmuş gənclərə Yeni Azərbaycan Partiyasının vəsiqələri verilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...