Qənirə Paşayeva: “Avropa üçün Azərbaycan enerji təhlükəsizliyi baxımından çox ciddi bir tərəfdaşdır”

Qənirə Paşayeva: “Avropa üçün Azərbaycan enerji təhlükəsizliyi baxımından çox ciddi bir tərəfdaşdır”

"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər çox böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, Almaniya ilə Azərbaycan arasında bütün istiqamətlərdə inkişaf edən münasibətlər var: "Bu səfər iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün çox önəmlidir. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan Almaniyada daxil olmaqla, ümumən Avropanın enerji təhlükəsizliyində xüsusi maraqlıdır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox böyük işlər görür. Bu layihələr Avropa üçün də çox əhəmiyyət kəsb edir. Avropa üçün Azərbaycan enerji təhlükəsizliyi baxımından çox ciddi bir tərəfdaşdır. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, Azərbaycan iqtisadiyyatında Almaniyanın yeni şirkətlərinin iştirakı, Azərbaycanla Almaniya arasında parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Avropa Şurası, Avropa İttifaqı, "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Münasibətlərin daha da inkişafı istiqamətindəki bu müzakirələr öz müsbət nəticələrini verəcək".

Q. Paşayeva vurğulayıb ki, ölkə başçısının Almaniyaya səfəri çərçivəsində ən önəmli müzakirə mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub: "ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya ilə bu məsələnin müzakirəsi xüsusi əhəmiyyətlidir. Çünki, Almaniya Avropa Birliyinin aparıcı ölkələrinin önündə gəlir. Azərbaycanın istəyi ondan ibarətdir ki, Almaniya münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun üzvü kimi səylərini artırsın".

"Azərbaycan Almaniya ilə münasibətlərinin inkişafında nə qədər maraqlıdırsa, Almaniya da Azərbaycanla münasibətlərin inkişafında o qədər maraqlıdır. Çünki, Azərbaycan müxtəlif sahələrdə Almaniya ilə əməkdaşlıq edir və bu da Azərbaycan qədər Almaniyanın da maraqlarına uyğun gəlir. Hesab edirəm ki, bu səfər çox uğurlu olacaq". - Q. Paşayeva deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə