Politoloq: “Beynəlxalq münasibətlərdə keyfiyyətcə yeni postbipolyar dövr başlayır” MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:
- Rusiya qarşı tətbiq olunan sanksiyalar nəticəsində bu dövlət 90-cı illər səviyyəsinə qayıdarsa, bu zaman dünyanın siyasi palitrasında hansı dəyişikliklər ola bilər?
- Biz beynəlxalq münasibətlərdə keyfiyyətcə yeni mərhələni müşahidə edirik. Yəni, 2001-ci ildən sonra dünyada bərqərar olunan bipolyar (təkqütblü) sistem 2011-ci ildən etibarən yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələnin başlanğıcı isə 2008-ci ildə baş verən iqtisadi əsaslara söykənirdi. Bundan sonra biz beynəlxalq münasibətlərdə yeni eranın başlanmasını müşahidə etməyə başladıq. Bu postbipolyar beynəlxalq sistemin formalaşması idi. Şərqi Avropada baş verən və bütövlükdə Avro-Atlantikaya təsir göstərəcək qlobal proseslər də məhz artıq postbipolyar sistem kimi səciyyələndirə biləcəyimiz beynəlxalq sistemin yeni keyfiyyətdə formalaşmasının göstəriciləridir. Rusiya-Ukrayna, Rusiya-Şərqi Avropa və bütövlükdə Rusiya-Qərb münasibətləri də baş verən bu qlobal dəyişikliklərin nəticəsində meydana çıxan münasibətlərdir.
Rusiya regionun və dünyanın ən böyük ölkələrindən biridir. Bu ölkə bu gün də hərbi güc mərkəzi kimi olduqca əhəmiyyətlidir. Eyni zamanda iqtisadi, yeraltı, karbo-hidrogen resurslarına görə dünyanın ən zəngin ölkələrindən biridir. Ona görə də biz böyük səbirlə qarşıda baş verəcək uzun müddətli, mürəkkəb prosesləri Azərbaycanın maraqlarını qoruyaraq izləməli olacağıq. Bu məsələdə bizi maraqlandıran daha çox Azərbaycanın davranışlarıdır. Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların nəticəsi nə olacaqsa, olsun və yaxud hərbi-siyasi sferada Rusiyaya qarşı baş verəcək hadisələr necə olacaqsa, olsun əsas odur ki, bu prosesdə Azərbaycanın milli maraqları qorunsun. İndiki mərhələdə, bu günə qədər bəzən çox ziddiyyətli görünən, daban-dabana Azərbaycanın maraqları ilə zidd olan hadisələr zamanı Azərbaycan diplomatiyası çevik, krieativ metod və üsullarla öz maraqlarını qorumağı bacardı. Bu isə deməyə əsas verir ki, uzun müddətli mərhələdə də Azərbaycan diplomatiyası öz millətinin maraqlarını qoruyacaq.
İqtisadi sanksiyaların Rusiyaya təsiri çox ciddi və ağır olacaq. Bu indidən hiss olunur. Ümumiyyətlə qloballaşan dünya yol ayrıcındadır. Ya Qərb mərkəzli qlobalistlər Rusiyanı udub, həzm edəcəklər, ya da biz yenidən iki qütblü dünyaya dönəcəyik. Bəşəriyyət bu gün belə bir dilemma qarşısındadır.
Proqnoz vermək istəmirəm. Çünki, Rusiya-Azərbaycan münasibətləri, Qərb-Avropa münasibətləri bizdən istər, felən hərəkətlərimizdə, istərsə də proqnozlarımızda müvazinət tələb edir. Ona görə də Azərbaycan diplomatiyasının tələblərinə sadiq qalaraq proqnoz vermək istəmirəm. Amma, hər halda bu hadisələrin nə ilə nəticələnəcəyi əvvəlcədən görünür. Qeyd etdiyim iki variantdan biri olacaq. Ona görə də əsas odur ki, milli maraqlarımız baxımından Azərbaycan buna hazırdır.
- Son zamanlar bir sıra azərbaycanlı gənclər müxtəlif ölkələrdə baş verən münaqişə ocaqlarına döyüşmək üçün gedirlər. Bu məsələnin kökündə nələr dayanır?
- Yeni postbipolyar münasibətlər sistemində hegomon mərkəzlər öz iradələrini və milli maraqlarını diktə edirlər. Yaxın müsəlman Şərqində və Şimali Afrikada baş verən hadisələr bununla əlaqədardır. Azərbaycandan, digər müsəlman və xristian ölkələrindən beynəlxalq terrorizmi dəstəkləyən və ya onu ideologiya kimi mənimsəyən insanların bu prosesə cəlb olunması dünyanın hər yerində mövcuddur. Məsələ ondadır ki, beynəlxalq terrorizm kimi səciyyələndirə biləcəyimiz bu hadisə bəşər tarixində bu günə qədər görünməmiş bir səviyyədə dövlətlər tərəfindən dəstəklənir. Beynəlxalq münasibətlərdə terrorun bu növünə dövlət dəstəkli terror adlanır. Bu gün dövlət dəstəkli terrorun bariz nümunəsini müsəlman Şərqində görməkdəyik. Bu terroru dəstəkləyən dövlətləri də hamı bilir. Ancaq, heç kəs adı ilə çağırmır. Ona görə də bu prosesdə, ayrı-ayrı ölkələrdə, ayrı-ayrı fərdlərin terror hadisəsinə, milli dövlətlərin sıradan çıxarılmasına cəlb olunması məhz həmin hegomon dövlətlərin maliyyə və ideoloji təbliğatı fonunda baş tutur. Müxtəlif 5-ci kolonlar yaratmaqla milli dövlətlərin içərisinə bir növ "Troya atı" daxil edirlər. Beləliklə də həmin o "Troya atı" içəridən qala qapılarını açaraq milli dövlətləri beynəlxalq terroru dəstəkləyən hegomon güclərə təslim edir. Azərbaycan da bu mənada istisna deyil. İmperialist mərkəzlərin yaratdığı və dini sektaya, vətəndaş cəmiyyəti institutlarına, insan hüquqları institutları adı ilə təşkilatlanmış qruplara montaj olunmuş 5-ci kolon vasitəsi ilə gənclərin beyni, şüuru təsir altına salınır və onlar müxtəlif həvəsləndirici, şirnikləndirici və ya maddi vədlər sayəsində müxtəlif ölkələrə gedirlər. Terrorun ayrı-ayrı vətəndaş cəmiyyəti institutlarına montaj olunmuş formasının milli dövlətlərin içərisinə yeridilməsi beynəlxalq terroru dəstəkləyən dövlətlərin terroru milli dövlətlərin içərisinə bir növ transferi kimi səciyyələndirilməlidir. Ona görə də haqlı olaraq, bu prosesdə Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq göstərir, belə gənclərin ölkəyə qayıdarkən saxlanılması da Azərbaycan dövlətinin sayıqlığının nümunəsidir.
- Radikal müxalifət daxilində yenidən birləşmə ideyaları səslənməkdədir. AXCP və Müsavat qarşıdurmasının kəskinləşdiyi bir zamanda belə bir birliyin yaranma imkanları nə qədər mümkündür?
- Azərbaycanda radikal müxalifət imici qazanmış marginal qrupların, həm siyasi elmin kriteriyaları, həm də Azərbaycan siyasi sisteminin reallıqları baxımından müxalifət kimi səciyyələndirilməsi o qədər də doğru deyil. Çünki, bu radikallar, uzun illərdir müxtəlif mətbuat orqanlarında, müxtəlif vasitələrlə, xarici dövlətlərin qrantları hesabına fəaliyyət göstərməyə və təşkilatlanmağa çalışsalar da bunu bacarmadılar. Ona görə də Azərbaycanın siyasi sistemində özünəməxsus çəki qazana bilmədilər. Bunun ən bariz isbatı isə 1993-cü ildən bu günə qədər keçirilən seçkilərdə onların əldə etdiyi səsdir. Bu o deməkdir ki, radikal müxalifət kimi səciyyələndirdiyimiz qruplar, əslində siyasi sistemin dinamik komponenti, güc mərkəzi deyillər. Ona görə də onların birləşməsi və ya birləşməməsi Azərbaycandakı ictimai-siyasi hadisələr, onların keyfiyyət və istiqaməti baxımından heç bir əhəmiyyət daşımır. Konkret suala gəlincə isə onların birləşməsi mümkün deyil. Çünki, o qruplaşmalar əslində bir şineldən çıxsalar da bir-birlərinə qarşı patoloji nifrətləri var. Ona görə də uğursuzluqlarının səbəbini bir-birlərində axtarırlar. Bu baxımdan da onların birləşməsi mümkün görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB