Ümummilli Lider Heydər Əliyevin vəfatından 11 il keçir

Ümummilli Lider Heydər Əliyevin vəfatından 11 il keçir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 11 il keçir. SİA-nın məlumatına görə, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Ulu Öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Demək olar ki, bütün il boyu insanlar bura gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 11-ci ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri Xiyabanda xalqımızın Ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirlər.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb.

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Qeyd edək ki, bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə