Politoloq: “Prezidentlərin görüşünün zərrə qədər də olsa, əhəmiyyəti yoxdur” AÇIQLAMA

Politoloq: “Prezidentlərin görüşünün zərrə qədər də olsa, əhəmiyyəti yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə heç bir səmimi marağı yoxdur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cəbhədə baş verən son hadisələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı prinsipial görüşünün keçirilməsinə dair səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, əgər həmsədrlər Paris görüşündə növbəti görüşü gələn ilin oktyabrına təyin edirlərsə, bu o deməkdir ki, Minsk qrupu öz vasitəçilik missiyasına qeydi-ciddi yanaşır: "Rəsmi Bakının müyyən mənada həmsədrlərdən o qədər ciddi gözləntisi yoxdur. Ümumiyyətlə Ermənistan görüşə hazırlaşmır. İşğalçı ölkənin bütün fəaliyyəti, əməlləri yalnız və yalnız Azərbaycan torpaqlarında uzun müddət qalmağa yönəlib. Onlar öz işğalçılıqlarını artırmaq üçün bütün resurslarını səfərbər ediblər".

M. Əhmədoğlu bildirib ki, Ermənistan dövlət büdcəsində pulu olmadığı üçün məcburiyyət qarşısında qalaraq, hamilə qadınlara verilən yardımı azaldır: "Bəzən isə görürsən ki, işğalçı ölkə Serbiyadan, Yaponiyadan, Ruminiyadan küllü miqdarda silahlar alırlar. Əgər onların təlimə çıxardıqları silahların yarısı Rusiyaya aid idisə, digər qismi isə Avropa dövlətlərindən idi. Ümumiyyətlə, Serbiya, Yaponiya, Ruminiya işğalçı ölkəyə ucuz qiymətə havayı silah verməyəcək. Onlar yüksək qiymətə silah alırlar ki, Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərini davam etdirsinlər. Mən Ermənistan tərəfini danışıqlara hazırlaşan deyil, əksinə işğalçılığı artırmağa hazırlaşan görürəm. Bu mənada hesab edirəm ki, prezidentlərin görüşünün zərrə qədər də olsa, əhəmiyyəti yoxdur. Amma Azərbaycanın açıq mətnlə ATƏT-in Minsk qrupundan, prezidentlərin dialoqundan imtina etməyinin də mənası yoxdur. ATƏT-in Minsk qrupu, onun həmsədrlərinin, eləcə də həmsədr ölkələrin prezidentlərinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fəaliyyət proqramına təsir etmək imkanına malik deyillər. Rəsmi Bakının özünün fəaliyyəti planı var və öz işlərini də həmin fəaliyyət proqramına uyğun qurur".

Bütün xəbərlər Facebook səhifəmizdə