Türk yazarları Moskva Dövlət Universitetinin Bakı Filialında olublar
Bu gün "Türk Dünyası Gənc yazarlarını birləşdirən və ədəbi qurumlar arasında məsləhətləşmə mühitinin yaradılması" adlı layihə çərçivəsində müxtəlif türk toplumlarından və respublikalarından ibarət gənc ədəbi nümayəndələr M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında olublar. SİA-nın məlumatına görə, tədbirdə TÜRKSOY-un Qazaxıstan Respublikası üzrə təmsilçisi Malik Otarbayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektor köməkçisi Məhəmməd Osman, universitetin filologiya fakültəsinin dekanı Fikrət Rza, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı Əkbər Qoşalı, DGTYB-nin İdarə heyətinin üzvü İntiqam Yaşar və digərləri iştirak edib.
Ali təhsil ocağının rektor köməkçisi Məhəmməd Osman tərəfindən qonaqlara universitetin ədəbi, elmi mühiti və digər fəaliyyət formaları haqqında məlumat verilib. Sonra qonaqlar universitetdə tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Qazaxıstan Respublikasının TÜRKSOY üzrə təmsilçisi Malik Otarbayev bildirib ki, universitetdə tələbələr üçün hər bir şərait yaradılıb: "Burada tələbələrə göstərilən xidmətlər və gənclərin yetişdirilməsi üzrə həyata keçirilən proqramlar dünya standartları çərçivəsindədir. Biz bunu gördük və şahidi olduq. Ümid edirəm ki, bu universitetdən gələcəyin M.F.Axundzadələri, Anar Rzayevi, Çingiz Aytmaytovları yetişəcək. Azərbaycan türk dünyasının ən dəyərli inci bir parçasıdır. Biz türk dünyası dediyimiz zaman Azərbaycansız bunu düşünə bilmərik".
Sonda universitet rəhbərliyi tərəfindən qonaqlara Ali təhsil ocağının loqosunu əks etdirən saatlar təqdim olunub.
Qeyd edək ki, noyabrın 27-dən Bakıda səfərdə olan qonaqlar üçün müxtəlif silsilə tədbirlər həyata keçirilib. Günün sonunda Yekun protokol imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB